Türkiyə metodu Azərbaycanda: Plazma müalicə üsulu...

“Sağalanların qanından alınan anti-cisimlər ağır xəstələrə köçürülə bilər”

“Bu metod passiv immunizasiyadır. Düşünürəm ki, ağıllı bir tədbirdir və bizdə də istifadə oluna bilər” 



“Xəstəlikdən sağalan kəsləri Milli Hemotologiya Mərkəzinə dəvət edib, plazma müalicə üsulunu tətbiq edəcəyik”.  Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib. O, bildirib ki, bu gün ölkəmizdə bütün müalicə protokollarını tətbiq etmək üçün imkanlar var. Plazma müalicə üçün Hemotologiya Mərkəzi ilə müzakirələr davam edir: “Bu barədə Səhiyyə Nazirliyi ilə də müzakirələr davam edir. Buna növbəti həftədən başlayacağıq. “Covid 19” xəstəliyindən sağalan insanların qanında xəstəliyə qarşı anti-cisimlər olur. Bu plazmada anti-cisimlər yetəri qədər olarsa, bunu ağır xəstələrə köçürə bilərik. Virusun anemiyaya səbəb olması faktı da var”. Məlumat üçün bildirək ki, bu metoddan bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə xəstələrin sağalmasında istifadə olunur.



Yeni müalicə üsulunu “Sherg.az”a dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirusa yoluxmuş və sağalmış xəstələrin bədənində anti-cisimlər yaranır. Həkim vurğulayıb ki, anti-cisimlər insanın plazmasında uzun müddət dövr edir:

“Yoluxmuş şəxsin anti-cisimlərini alaraq dondurulmuş şəkildə saxlamaq və daha sonra istifadə etmək mümkündür. Bir şərtlə ki, həmin adamların qanında hepatitlər, viruslar, SPİD və s. infeksiyalar olmasın. Əgər infeksiya yoxdursa, plazma hissəsi forma elementlərdən, yəni qırmızı hissədən ayrılır və digər xəstələrə köçürülür. Bu, tibbdə passiv immunizasiya adlanır. Passiv immunizasiya orqanizmə hazır antitellərin yeridilməsidir. Aktiv immunizasiya isə odur ki, zəiflədilmiş mikrob bədənə yeridilir və bədən özü bundan əks-cisim hazırlayır. Türkiyədə tətbiq olunan metod passiv immunizasiyadır. Düşünürəm ki, ağıllı bir tədbirdir və bizdə də istifadə oluna bilər”. 

Lakin A.Qeybullanın sözlərinə görə, bizdə xəstələr elə də çox deyil: 

“Azərbaycanda qorxulu epidemoloji mənzərə müşahidə olunmur. İnşallah, aprel ayının sonuna yaxın proses zəifləməyə doğru gedər və may ayında vəziyyət düzəlməyə başlayar. İstənilən halda ehtiyat metodu kimi vurğulanan müalicə üsulunu ağır xəstələrdə tətbiq etmək olar. Burada söhbət sadəcə yaşlı insanlardan getmir, bəzən gənclər də bu xəstəliyi ağır keçirirlər. Bir sıra gənclərdə bədənə həddindən artıq bioloji aktiv maddə ifraz olunur və orqanizm buna dözmür. Gənc insanlarda ölüm faktı bununla bağlıdır”.