Göz qabağındadır: “Dövlət sosial həssas təbəqəyə yardımını edir”

Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə insanlara yardım edən iş adamlarına xüsusi təşəkkür edib. Dövlət başçısı bildirib ki, həssas təbəqənin qorunması indiki şəraitdə ən vacib məsələdir: “Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm”.

Ölkə rəhbərinin yardımsevər insanlara təşəkkür etməsi ilə bağlı “Sherg.az”a danışan sosioloq-alim, professor Əhməd Qəşəmoğlu bildirib ki, koronavirusla mübarizədə əhaliyə yardım edilməsi 3 istiqamətdə aparılmalıdır. Professorun sözlərinə görə, burada əsas güc dövlətin üzərinə düşür və dövlət bacardığı bütün işi görür: 

“Dövlət onsuz da sosial həssas təbəqəyə öz yardımını edir və görülən işlər göz qabağındadır. Məsələnin digər tərəfi isə ictimai münasibətlər, yəni yardımlaşma və xeyriyyə fondlarının fəaliyyəti ilə bağlıdır. Bu gözəl xüsusiyyət bizim qədim adət-ənənəmizə söykənir. Üçüncü mühüm istiqamət hər kəsin ilk növbədə öz ətrafına, doğmalarına, qohumlarına kömək etməsidir ki, bu da hər birimizin borcudur. Büdcədən əmək haqqı alanların işi müəyyən qədər asandır. Amma günəmuzd çalışanların yaşayışı çox çətindir. Ona görə də vurğuladığım hər üç istiqamətdə paralel iş getməlidir və gedir. Prezidentin çağırışı və yardım göstərənlərə təşəkkürü çox gözəldir. Bu, insanlara stimul olacaq və onları kömək etməyə daha çox həvəsləndirəcək”. 

Sosioloq yardım kampaniyası ilə bağlı müzakirə olunan məsələlərə də münasibət bildirib: 

“İslam dininə görə, “sağ əlin verdiyini sol əl bilməməlidir”. Xeyli iş adamlarımız var ki, sırf dini qaydalarla gizli yardım edirlər. Ancaq insanlara “etdiyiniz yaxşılığı reklam etməyin!” demək də doğru deyil. Çünki insanların davranışına təsir edən 4 mühüm cəhət var. Birincisi, insanın öz xisləti, mahiyyəti, fitrətidir. İkincisi, onun yaşadığı mühitdir. Üçüncüsü, aldığı informasiya, dördüncüsü isə üstünlük verdiyi dəyərlərdir. Kimlərinsə yardım etməsini reklam edəndə, bu mənzərə cəmiyyətdə ümumi bir həvəs yaradır. İnsanların 80-90 faizi hələ də sağa-sola baxır ki, kimsə bu işi görürsə, o da məşğul olsun. O baxımdan yardım kampaniyalarının təbliğ olunması bu hərəkətin güclənməsinə gətirib çıxarır. Prezidentin bunu təqdir etməsi çox yaxşı oldu”.

Lakin Ə.Qəşəmoğlu yardımlaşmada ortaya çıxan bir məqamı ciddi tənqid edib: 

“Ehtiyac sahibi şəxslərə kömək edən bəzi adamlar həmin insanların yaşadığı evi, şəraiti çəkir və onları zorla danışdırır, xeyir-dua alır. Belə davranış çox yanlışdır. Nə cür kömək etdiklərini, nə apardıqlarını çəkib göstərsinlər. Buna heç kim qarışmır, hətta dəstəkləyirik. Ancaq ehtiyac sahibi insanları mütləq nəsə danışmağa, təşəkkür etməyə məcbur etmək doğru deyil. Hər insanın şəxsiyyəti, dost-tanışı, qohumu, ətrafı var. Ola bilər vətəndaş hansısa rayondan, kənddən gəlib, bir yerə sığınıb, yəni biraz çətin vəziyyətdədir. Bəlkə o, tanışlarının, qohum-əqrabasının hansı vəziyyətdə olduğunu görməsini istəmir. Belə məqamları nəzərə almaq lazımdır. Sizin vasitənizlə onlara çağırış etmək istərdim ki, yardım etməkləri çox gözəldir, amma ziyarət etdikləri insanları çıxılmaz vəziyyətə salmaq qəbuledilməzdir. Bu durum çox eybəcər alınır”.