Xalq şairindən tövsiyə: “Pis günün ömrü az olur, dözmək lazımdır”

“Özümüzü, uşaqları koronavirusdan qorumalıyıq”

“Kitab oxumaqdan başqa yolumuz yoxdur”

Hazırda dünya olaraq çətin günlərdən keçirik. Koronavirus təhlükəsinə qarşı silahsız döyüşdəyik. Sözsüz ki qanunlara intizamlı şəkildə əməl edərək evdə qalsaq, qələbə bizimlə olacaq. Bəlkə də, bir neçə il sonra karantin günlərini yada salıb güləcəyik. Yəqin ki, hazırkı kritik dövrdən bəhs edən romanlar, filmlər ərsəyə gələcək. Axı deyirlər ən möhtəşəm əsərlər məhz kədərdən qidalanır. Bəs koronavirusla mübarizə apardığımız bu zamanlarda dövrümüzün qələm əhli yaradıcılıq işlərini davam etdirirmi? Sualımıza cavab axtarmaq məqsədilə xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə əlaqə saxladıq. 

"Şərq"ə günlərini necə keçirdiyindən danışan sevilən şair koronavirusun bir bəla olduğunu və tezliklə sona çatmasını gözlədiyini söylədi: 

“Müəyyən edilən müddətə kimi, evdə otururuq, qulaq asırıq. Poemam var idi onu tamamladım. "Ədəbiyyat" qəzeti saytlarında yayımlayıb. Qəzet çıxanda çap olunacaq. Gərgin olmağıma baxmayaraq bitirdim. Yaxşı kitabxanam var, kitab oxuyuram. Dostlarımla əlaqə saxlayıram. Onların da ürəyini qırmıram.

Vaqifin şeiri var : 

Toy - bayramdır bu dünyanın əzabı, 
Ağlı olan ona gətirər tabı.. 

Elnən gələn toy-bayramdır deyiblər. Pis günün ömrü az olur. Nə qədər uzun çəksə də bir o qədər də ömrü qısadır. Dözmək lazımdır, evdə oturmalıyıq. Vacib olmayanda evdən çıxmamalıyıq. Çətindir həm də belə hal görməmişik. Əgər insan edibsə, deməli o cəlladdır. Elə də deyirlər ki, insanlar yayır. Hər hansı bir ölkənin işi olduğunu söyləyirlər. Koronavirusdan qorunmaq lazımdır. Özümüzü, uşaqları qorumalıyıq. Görək nə vaxt qurtarır. Bəladır, fəlakətdir. İnsan əməlidirsə, bəşəriyyətə, mədəniyyətə qəsddir. İnsan cildində nədir bunlar bilmirəm..” 

Xalq şairi evdə qaldığımız müddətdə kitablara yönəlməyin vacibliyindən də söz açdı: 

“Əlbəttə, hər kəsin öz sahəsi var. Kitab oxuyurlar. Mənim ağıl verməyimlə deyil ki.. Kimin nə işi varsa, ona uyğun mütaliə edir. Bəlkə, biri fizikdir, biri ədəbiyyatçı, digəri tarixçi.. Şübhəsiz hər kəs oxuyur. Kitab oxumaqdan başqa yolumuz yoxdur. Dostlara zəng vurub onlarla xoş sözlər danışmalıyıq. Ürəklərini qırmaq lazım deyil. Görək nə olur? Hamımız gözləyirik. Gözləyə-gözləyə qalmışıq. Kimlər edib? Nətər yaranıb? Dövlətlərinmi əməlidir? Belə də deyirlər. Mən də sizin kimi eşidirəm, qulaq asıram. Deyirəm ki, insana qəsd etmək olarmı?Edən insandırmı?İnsan cildində nədir görəsən? Bütün dünyanı bürüyən qəsd törətmək olarmı bəşəriyyətə? !”

Son olaraq nikbin ruhlu, sevgi şairi xoş diləkləri ilə hamıya özünü qorumağı məsləhət gördü.