“Qəbir üstünə gəlmişdim, oradan…” - Telman Adıgözəlovun oğlu xatirələrini danışır


Aprelin 15-də sevilən aktyor, xalq artisti Telman Adıgözəlovun vəfatından 10 il ötdü. Mərhum sənətkar 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub.  Əslən ordubaddan olan T.Adıgözəlov   hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. 

Teatr səhnəsində maraqlı obrazlar yaratmış, C.Məmmədquluzadə "Dəli yığıncağı" İ. Əfəndiyev "Xurşidbanu Natəvan" "Mahnı dağlarda qaldı" , Şekspir  "Maqbet"  M.İbrahimov  "Közərən ocaqlar"   H.Cavid "İblis"  S.Vurğun  "Vaqif"  kimi məşhur  dram əsərlərində rol almışdır. Sənətkar Azərbaycan Televiziyasında "Yaşıl eynəkli adam" "Ordan-burdan"  "Qonşular" "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi" "Üzü küləyə" 
"Xatirələr sahili" kimi   filmlərdə xarakterik obrazları canlandırıb. İstedadlı aktyor əvvəlcə əməkdar artist, daha sonra isə xalq artisti adına layiq görülüb. 
2010-cu il aprelin 14-də Akademik Milli Dram  teatrının direktoru Maqbet Bunyatovun sözlərinə görə Telman Adıgözəlov teatrda bütün günü özünü normal hiss etsədə,  təxminən 01:00-da aktyor yaxşı olmadığını qızına söyləyib. Aktyorun qızı dərhal təcili yardımı çağırıb. Ancaq həkimlər T.Adıgözəlovun həyatını xilas edə bilməyiblər. Xalq artisti aprelin 15-i Fatmayıda kənd qəbiristanlığında dəfn olunub.

Biz də "Sherg.az" olaraq svimli sənətkarımızı yad etmək üçün aktyorun oğlu Tural Adıgözəlovla əlaqə saxlayıb, həmsöhbət olduq:

“Bayaq atamın sənət dostu ilə danışırdım. Ona da dedim 10 il  tez keçdi. Zarafat deyil 10 ildir, amma elə gəlir ki, üstündən  çox müddət keçməyib . Sanki, yeni baş verib. Qəbir üstünə gəlmişdim, ordan qayıdıram. Atamın yoxluğu həmişə özünü göstərir. Atadır... Atanın yeri görsənir, hər zaman darıxırıq. Aprelin 15-i gələndə vəfat etdiyi gün, həmin situasiyalar gözümün qabağına gəlir. Ailəsinə qayğıkeş, yaxşı insan, gözəl ata idi. Sənətdən fərqli olaraq ailəsində ciddi insan idi. Ailəsinə, ailə dəyərlərinə önəm verərdi.  Kimliyindən və vəzifəsindən asılı olmayaraq insanlara qarşı mehriban və diqqətçil idi. 

“10-cu anım günü ilə bağlı tədbir planlarınız var idimi?” sualına gəlincə,Tural Adıgözəlov belə bir fikirlərinin olmadığını söylədi:

“Yubileyində anım gecəsi təşkil etmək olar. 2023-də sağ qalsaq, inşallah Akademik Milli Dram Teatrında yubileyini keçirərik.

Aktyorun oğlu T.Adıgözəlovun ailəsini kimlərin yada saldığından söz açdı:

“Kazım Həsənquliyev var onunla danışırdım. Həmişə anım günündə zəng vurur. Sizin kimi mətbuat nümayəndələri maraqlanırlar. Sənət dostları ilə danışırıq.