“Kadr islahatları müsbət nəticələrini verməkdədir”

“Pandemiya ilə bağlı müvvəqəti səngiyən islahatlar karantin qaydaları ləğv edildikdən sonra yenə də davam etdiriləcək”. 

Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai” birliyinin sədri Anar Xəlilov deyib.

Birlik rəhbəri bəyan edib ki, aparılan kadr islahatları artıq öz müsbət nəticələrini verməkdədir: 

“Bu gün dünyada neftin qiymətlərinin nəzərə çarpacaq səviyyədə aşağı düşməsi və qlobal iqtisadi böhranın yaşanması Azərbaycan iqtisadiyyatında ciddi hiss olunmur. Məhz buna səbəb aparılan uğurlu sosial-iqtisadi və kadr islahatlarıdır. Bundan sonra da aparılacaq kadr islahatları hesab edirəm ki, durğunluq səviyyəsində olan, müasir dövrün tətləblərinə cavab verməyən sahələri əhatə edəcək. Yaxşı olardı ki, daha çox elm, təhsil və səhiyyə istiqamətlərində davamlı islahatlar aparılsın. Səhiyyəmizdə aparılan islahatlar, müalicə müəssisələrinin yenidən qurulması, yeni avadanlıqların alınması geniş kadr islahatları ilə müşayiət edilsin. Videokonfrans zamanı cənab Prezidentin toxunduğu bir məsələ haqqında da öz fikrimi bildirmək istərdim. Cənab prezident bu gün aparılan islahatlara, pandemiya dövründə dövlətin apardığı çevik hərəkətlərə qarşı müəyyən qüvvələrin apardığı çirkin kampaniyaya da öz nitqində fikir bildirdi. Bu şəxslərin indiki pandemiya dövründə apardığı fəaliyyəti və onların keçmişdəki gülməli əməlləri ilə bağlı rəyini qeyd edən Prezident bunu xalqa xəyanət kimi dəyərləndirdi. Hesab edirəm ki, cənab Prezidentin söylədiyi fikirlər tam ədalətlidir və reallığa söykənir. Bir vətəndaş kimi bunu dəstəkləyirəm. Bu insanların sosial şəbəkələrdə beynəlxalq anti-Azərbyacan qüvvələrin dəstəyi ilə apardığı qarayaxma kampaniyaları heç bir əxlaqi dəyərlərə sığmır və xalq bunu ikrahla qəbul edir”. 

A.Xəlilov vurğulayıb ki, cənab Prezidentin rəhbərliyi ilə keçirilən iqtisadiyyata həsr olunmuş videokonfransda bir çox önəmli məsələlərə toxunuldu və vətəndaşları narahat edən bir çox suallara cavab verildi: 

“Videokonfransda əsas məsələ hazırda pandemiya ilə bağlı dünyada və eləcə də respublikamızda da bizi təhdid edən koronavirus təhlükəsi idi. Cənab Prezident Respublikamızda bununla bağlı yüksək səviyyədə təşkil olunmuş işlərdən və aparılan qabaqlayıcı tədbirlərdən geniş məlumat verdi. Aparılan işlərin vətəndaşlarımızın təhlükəsizliyi naminə edildiyi və  vətəndaşın mənafeyinin yüksəkdə dayandığını xüsusilə vurğuladı. Bundan sonra da virusa qarşı kompleks tədbirlərin görüləcəyini vurğulayan ölkə rəhbəri bu bəladan az itki ilə çıxacağını inamla ifadə etdi. Eyni zamanda çıxışında bu istiqamət üzrə fəaliyyət göstərən dövlət orqanlarının rəhbərlərinə də tapşırıqlarını verən cənab Prezident daha məsuliyyətli olmağı tövsiyyə etdi. Prezident pandemiya nəticəsində bu gün tətbiq olunan karantin qaydalarının və məhdudiyyətlərin nəticəsində vətəndaşlara, iqtisadiyyata dəyən zərər barəsində də öz fikrini ifadə etdi və dövlət tərəfindən kömək məqsədilə atılacaq addımlardan danışdı. İşləməyən vətəndaşlara 190 manat dəyərində müavinət, fəaliyyəti müvvəqəti dayandırılmış sahibkarlıq subyektlərinə kompensasiyalar, evdə qalmağa məcbur olan muzdlu işçilərin əmək haqqının dövlət tərəfindən ödənilməsi və s. yardımların verilməsini qeyd etdi. Görülən bütün işlər vətəndaşlarımıza xidmət edir”.