Partiyası rəsmən qeydiyyata alınan sədr: “...Baryerlər aradan qalxmış olacaq”

“Siyasi mühit dəyişəcəksə, biz konstitusiya çərçivəsində siyasi fəaliyyətimizi genişləndirmək niyyətindəyik”



Ədliyyə Nazirliyinin rəsmən qeydiyyata aldığı siyasi partiyalardan biri də Azad Demokratlar Partiyasıdır. 

Partiyanın bundan sonrakı fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan ADP sədri Sülhəddin Əkbər bildirib ki, siyasi partiyanın müvafiq dövlət qurumu tərəfindən qeydiyyata alınması mühüm məsələdir: 

“Partiyanın rəsmən qeydiyyatı hüquqi-texniki və siyasi hüquqi baxımdan çox önəmlidir. Çünki rəsmi dövlət qeydiyyatı olmayan partiya ölkənin siyasi həyatında hüquqi və qanuni baxımdan iştirak edə bilmir. Qeydiyyata alınmadığımızı bəhanə gətirərək bizə müəyyən məhdudiyyətlər qoyula bilərdi. Artıq bundan sonra formal, hüquqi baryerlər aradan qalxmış olacaq. Əgər siyasi mühit dəyişəcəksə, biz konstitusiya çərçivəsində siyasi fəaliyyətimizi genişləndirmək niyyətindəyik. İlk növbədə də təşkilatlanma işini başa çatdırmaq istəyirik”. 

S.Əkbər qeydiyyat prosesi barədə də danışıb: 

“Ötən ayın ortalarında Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar və partiyanın qeydiyyatı məsələsinə baxılacağını dedilər. Ayın sonuna doğru Ədliyyə Nazirliyinin Baş Qeydiyyat İdarəsindən qeydiyyat üçün sənədləri yenidən təqdim etməyimizi istədilər. Biz də sənədləri təqdim etdik. Onlayn sistemdə bizə texniki yardımlar etdilər, notariat işləri ilə bağlı asanlıqlar yaratdılar. Nəhayət aprelin 15-də Nazirliyin Kollegiyasının iclasında məsələyə baxıldı və Azad Demokratlar Partiyası qeydə alındı”.