“Bütün hüquq normalarını pozan qondarma seçki : “Düşmənin “arzusu” ürəyində..."    

Prezident İlham Əliyev bir neçə gün əvvəl keçirdiyi videokonfransda bir çox vacib məqamlara toxunub. Ölkə başçısı Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin keçirdiyi saxta "seçkilər"i heç kimin tanımadığını bildirib:

 "Qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş qondarma "prezident"in qondarma "seçkiləri" Ermənistanın mövqeyinə növbəti böyük zərbə oldu. "Seçkilər" bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. "Seçkilər"dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq- aydın bəyanatlar səsləndirdi".

Qondarma "seçkiəri" "Sherg.az"a təhlil edən politoloq Natiq Miri bunun hüquqa zidd olduğunu deyib: 

"Qondarma "seçkilər" təkcə siyasi yox, həm də hüquqi məsələdir. Dağlıq Qarabağ müstəqil subyekt kimi tanınmır. Odur ki, həmin ərazidə "seçki" keçirmək beynəlxalq hüquq normalarının tələblərinə uyğun deyil. Adından da göründüyü kimi, qondarmadır!". 

Politoloq həmçinin qeyd edib ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların məsələyə münasibəti birmənalı olmadı:

 "Xüsusilə Rusiya çox standart mövqe sərgilədi, şablon fikirlər səsləndirdi. Həmsədrlər institutunun, AŞ PA-nın münasibətləri adekvat olmadı. Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin münasibətə uyğun reaksiya göstərmədi. Avropa Birliyinin mövqeyi isə daha obyektiv idi. Bu qurum "seçkilər"in beynəlxalq hüquqa zidd olduğunu etiraf etdi". 

N.Mirinin sözlərinə görə, Ermənistan tərəfinin atdığı addımlar heç də təsadüfi deyil: 

"”Prezident” və “parlament” seçkilərinin Dağlıq Qarabağda keçirilməsinin əsas məqsədi bu bölgəni hüquqi- legitim bir ərazi kimi tanıtmaqdır. Eyni zamanda, hərbi təxribatlar da müəyyən amaca xidmət edir. Belə ki, Ermənistanda sosial- iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Düşmənlər bu yollarla Avropa ölkələrinin diqqətini özlərinə çəkmək istəyirlər. Çünki onlara yardım lazımdır. Əslində istədiklərinə çatırlar. Avropa Birliyi Ermənistana çox böyük həcmdə maliyyə yardımı göstərdi. Hərbi təxribatlarla Ermənistan həm də guya Azərbaycanın onu təhdid etdiyini göstərmək arzusundadır. Ona görə də müntəzəm olaraq hərbi təxribatlar törədilir. Biz diqqətli olmalı və düşmənin arzusunu ürəyində qoymalıyıq".