“...Hökuməti qınayacaq ki, niyə karantini uzatmadın?!” – Aydın baxış

“Bizdə xeyli vaxtdır sərhədlər bağlıdır, amma bəziləri deyir ki, sərhədləri daha tez bağlamaq olardı”

“Bu cür çağırışlar eşidilməsin deyə, hökumət real vəziyyətə görə  hərəkət etməlidir”



“Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu, düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir”. Bunu Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib. Dövlət başçısı bəyan edib ki, biz bu dinamikanı dayanıqlı etməliyik: “Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır. Statistikada müsbət dinamika olsa da, biz bundan sonra da vəziyyəti nəzarətdə saxlayacağıq. Görəcəyik ki, bu dinamika nə qədər çəkəcək, bu dinamika davamlıdır yoxsa yox. Və hansı əlavə tədbirlər görülməlidir”. Prezident daha sonra karantin rejimi ilə bağlı nazirlərə tapşırıq verib: “Nəzərə alsaq ki, karantin rejimi uzadılacaq. Karantin rejimindən çıxış da gərək bəri başdan planlaşdırılsın. Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm. Biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik. Bunun hansı formada olacağını gərək hökumət, nazirliklər işləsin, təkliflər versin”. 

Ölkə rəhbərinin karantin rejimi ilə bağlı dediklərini “Sherg.az”a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələdə ilk növbədə sağlam düşünən insanların əhval-ruhiyyəsinə baxmalıyıq. 

Deputat vurğulayıb ki, indiki məqamda evinə qapanmaqla sıxıntı içində olan ailələr də var: 

“Onları da düşünmək lazımdır və yardımın verilməsi istiqamətində daha ciddi addımlar atılmalıdır. Yəni dəstəyin əlçatan olması çox önəmlidir. Bir çox adam məhz buna görə, karantin rejiminin bitməməsinə səbirsizlik göstərir. Diqqət edirsinizsə, hansısa poçtun qabağında qətiyyən ara məsafəsi gözləmədən yüzlərlə adam eyni vaxtda bir-biri ilə yarışa girir ki, yardımı birinci kim alacaq. Halbuki, kimin adı təsdiqlənibsə, müavinəti biraz gec də ala bilər. Ancaq elə davranırlar ki, sanki, vəsait bir günə yoxa çıxacaq və sabah olmayacaq.

Eyni mənzərə pensiyaların verilməsində də yaşanır. Hamı çalışır ki, təqaüdü karta vurulduğu gün alsın. Bir gün gözləsə, növbəsiz gedib ala bilər. Açığı belə problemlər narahatedici məqamlardır. Bu hal virusun yayılmasına səbəb olur. Ona görə də karantin rejiminin uzadılması qaçılmazdır.

Adamların şəxsi rəyindən daha çox real vəziyyəti doğru qiymətləndirib, addım atmaq lazımdır. Çünki adamların rəyi “təhlükə yoxdur, hər şey normaldır, rahatdır” və s. formasında ola bilər. Amma sabah kimsə yoluxanda dərhal hökuməti qınayacaq ki, niyə imkan verdin, niyə karantini uzatmadın. Bizdə xeyli vaxtdır sərhədlər bağlıdır, amma buna rəğmən, bəziləri deyir ki, sərhədləri daha tez bağlamaq olardı. Sonradan bu cür çağırışlar eşidilməsin deyə, hökumət öz tədbirlərini real vəziyyətə görə müəyyənləşdirməli və hərəkət etməlidir. Amma əhalinin vəziyyəti də nəzərə alınaraq, onlara əlçatan yardım edilməsi unudulmamalıdır”. 

Parlament üzvü karantinin yumşaldılmasına da münasibət bildirib: 

“Küçədə piyada gəzmək və hansısa davranış məhdudlaşdırıla bilər. Amma maşınla gediş-gəliş o qədər təhlükəli deyil. Piyada gəzən insan daha çox ünsiyyət saxlamağa məcbur qaldığına görə, daha çox problem yaşayır. Ona görə də hərtərəfli düşünmək lazımdır ki, hansı variantda, daha az zərərlə problemdən çıxa bilərik”.