Faydalı təklif: “Meyvə və tərəvəzlərin qablaşdırılması sexləri quraşdırılsın !”

“İki ailəyə bir sex verilsin. Kiçik süd emalı sexlərin yaradılsın ki, bununla kənddən südü tədarük edib ağartı məhsulları istehsal etsinlər”




Pandemiya dövründə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Xüsusən, 2020-ci il ərzində 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır.  Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da edilir. Bununla hər il 250 ailəyə yardım ediləcək. Eyni zamanda banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanıb. O cümlədən, Dünya Bankı ilə layihəyə başlanır və hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına da dəstək verilir. 

Dövlət tərəfindən özünüməşğulluğun inkişafı üçün atılan addımları “Sherg.az”a dəyərləndirən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, özünməşğulluq prosesi müxtəlif adlarla 2012-ci ildən başlayıb. 
S.Məmmədovun sözlərinə görə, əvvəl adı özünədəstək proqramı adlanırdı və bunun üçün  Prezident təxminən 400 min manat məbləğində vəsait ayırmışdı: 

“Daha sonra proqram özünüməşğulluq adlandırıldı və Prezident tərəfindən iki il ardıcıl olaraq 6 milyon manat vəsait ayrıldı. 2018-ci ildə özünüməşğulluq “İşsizlikdən Sığorta” Haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə mindikdən sonra İşsizlikdən Sığorta Fonduna yığılan vəsait hesabına həyata keçirilməyə başlandı. Təbii ki, ötən müddət ərzində Fondun büdcəsi 10 dəfədən çox artıb. Bu il özünüməşğulluq üçün 70 milyon manat vəsait ayrılıb. Proqrama bütövlükdə normal yanaşıram. Xüsusən, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilməsi və hər il 250 ailəyə yardım edilməsi məsələsi məni daha çox cəlb edir.

Orada bağlar layihəsi var. Tutaq ki, kiminsə torpaq sahəsi var, amma bağ salmaq üçün imkanları, texnika, gübrə və s. yoxdur. Dəstək sayəsində həmin şəxs öz bağına meyvə ağacları əkə bilər ki, bu da bir neçə ildən sonra qazanc deməkdir. Yaxud baxımsız vəziyyətdə olan bağlar bərpa oluna bilər. Xüsusən, Quba və ətraf zonalarda bu işlə məşğul olurlar. Bu, perspektivli görünür. Əgər bir nəfər alma ağacı əkirsə, müəyyən müddət sonra məhsulunu satıb bir ilə 20-30 min manat pul əldə edə bilər. Bu məbləği aylara böləndə kənd yeri üçün kifayət qədər böyük rəqəm ortaya çıxacaq”.

Liqa sədrinin sözlərinə görə, bəzi hallarda kəndlilərə zəruri avadanlıqlar verilir: 

“Düzdür, cənab Prezident dedi ki, bəzən avadanlıqları alanlar onları sonradan satır. Amma dəqiq elə adamlar var ki, məsələn, bərbər, tikişçi, avtomobil çilingəri və s. Onlara zəruri avadanlıqlar verilir və öz işlərini tənzimləyirlər. Burda da bir perspektiv görünür. Hətta həmin şəxslərin özünü məşğul etməsi ilə yanaşı, gələcəkdə başqalarını da işə cəlb etməsi mümkündür. Ancaq müəyyən şəxslərə mal-qara verilməsini özünüməşğulluq adlandıra bilmərik. Düzdür, nazirlik burada başqa yol tapmır. Kəndlinin başqa məşğuliyyəti yoxdur. Ona bir-iki inək, yaxud 20 qoyun verirlər. Amma bu özünüməşğulluq yox, sadəcə həmin ailəyə dəstəkdir.

Çünki bir-iki inəklə özünü məşğul etmək qeyri-mümkündür. Əvvəla, mal-qaranı əvvəlcə heyvan saxlamış ailələrə verirlər. Deməli, həmin adam öz mal-qarasını saxlaya bilməyib. Kimsə çarəsizlikdən malını çıxardıb bazarda satırsa, ondan alıb başqasına verirlər. Tutaq ki, kəndliyə yanı balalı iki inək verdilər. Hər inək gündə 3-4 litr süd verdi. Bu, ailənin ağartı ehtiyacını ödəyəcək. Amma satmaq üçün kifayət etməyəcək. Digər tərəfdən satmaq üçün yer də yoxdur, kənddə kimə satacaq?! Buzovlar böyüsə, hərəsini 700-800 manata satsa əlində biraz pul olacaq, sonra yenə dayanacaq.

İki-üç il gözləmək məcburiyyətində qalacaq. Bu da epizodik gəlir deməkdir və sadəcə özünüməşğulluğa dəstəkdir. Yenə deyirəm, burada nazirliyi qınamaq fikrim yoxdur. Nazirlik kəndliyə kömək etmək istəyir və onun təklifini, nə istədiyini soruşur. Kəndli də görür ki, başqa bacarığı yoxdur, sənətkarlığı yoxdur, torpaq sahəsində mer-meyvə əkməyin perspektivi yoxdur, ona görə mal-qara istəyir”. 

S.Məmmədov özünüməşğulluğun çoxşaxəli olmasını istədiyini söyləyib: 

“Ölkə Prezidenti də bununla bağlı tapşırıq verib. Dünya Bankı ilə layihə icra ediləcək. Görünür, ilbəil daha da şaxələnəcək. Tərəfdarıyam ki, kənd təsərrüfatında meyvə və tərəvəzlərin qablaşdırılaması sexləri quraşdırılsın. Məsələn, iki ailəyə bir sex verilsin. Kiçik süd emalı sexlərin yaradılsın ki, bununla kənddən südü tədarük edib ağartı məhsulları istehsal etsinlər. Yəni elə sahələr olsun ki, insanlar dolanışığını təmin edə bilsinlər”.