“Milli Məclis Aparatının yenilənməsinə ehtiyac var idi, çünki...” - AKTUAL 

“Aparatın dinamizmi və funksionallığının artırılması parlamentin qanunvericilik fəaliyyətinə olduqca müsbət təsir göstərəcək”


Azərbaycan parlamentinin Aparatı buraxılıb. Bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. O bildirib ki, Aparatın yeni strukturu formalaşana qədər əvvəlki əməkdaşlar işlərini davam etdirəcəklər. Məlumat üçün bildirək ki, bu ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclası olub. Toplantıda parlamentin yeni rəhbərliyi formalaşdırılıb və Sahibə Qafarova 116 səslə Milli Məclisin sədri seçilib.

Xəbəri "Sherg.az"a dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Milli Məclis Aparatının buraxılmasını birmənalı şəkildə günün ən mühüm hadisələrindən biri hesab etmək olar.
Partiya rəhbəri bildirib ki, belə bir addımın nə vaxtsa atılacağı gözlənilən idi və həm də zəruri idi: 

"Məsələ bunun üçün sadəcə uyğun bir zamanın seçilməsinə bağlıydı. Bəli, ölkə həyatının bütün sahələrində olduğu kimi Milli Məclisin Aparatında da islahatlara start verilməsi günün tələbinə çevrilmişdi. Fevralın 9-da keçirilən və məhz Prezident İlham Əliyevin başlatdığı köklü islahatlar prosesinin məntiqi davamı kimi nəzərdə tutulan növbədənkənar parlament seçkilərindən sonra heç şübhəsiz ki, Milli Məclisin daxilində də struktur islahatlarının həyata keçirilməsinə, Aparatın yenilənməsinə ehtiyac var idi.

Parlamentin inzibati strukturlarında, müvafiq şöbələrində təcrübəli funksionerlərlə yanaşı, müasir dünyanın çağırışlarına cavab verən, yüksək təhsilli, bir neçə xarici dildə sərbəst danışan və öz işinə peşəkarcasına yanaşan vətənpərvər gənc kadrların da təmsil olunması bütövlükdə parlamentin effektivliyinin daha da artırılmasına zəmin yarada bilər.

Aparatın dinamizmi və funksionallığının artırılması parlamentin qanunvericilik fəaliyyətinə olduqca müsbət təsir göstərəcək. Məhz bu baxımdan, Milli Məclis daxilindəki islahatları pozitiv qiymətləndirirəm".