"Heç kim dövlətin qayğısından kənarda qalmayacaq" 

“Ölkəmizin kifayət qədər maliyyə vəsaiti var və biz lazımi məqamlarda həmin vəsaitdən istifadə edə bilərik" 




Dünən dövlət başçısı İlham Əliyev ölkədə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayırıb. 
Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Həmçinin görünən tədbirlər dövlət başçısının "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikirlərinin təzahürüdür.


Millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev görülən tədbirlərlə bağlı "Sherg.az"a danışarkən Azərbaycan iqtisadiyyatının dayanıqlı olduğunu nəzərə çatdırıb: 

"Ölkə iqtisadiyyatımız kifayət qədər qüdrətlidir. Bunu hamı-bütün vətəndaşlar bilməlidirlər. Dövlət başçısının hər gün qəbul etdiyi müxtəlif qərarlar "Krizis menecmenti" situasiyasına tam uyğundur. Atılan addımlar onu deməyə əsas verir ki, heç kim dövlətin qayğısından kənarda qalmayacaq".

Deputat, həmçinin bizim bir sıra məqamlara görə Avropa ölkələrinə nümunə ola biləcəyimizi qeyd edib: 

"Biz özümüzü heç bir dövlətlə müqayisə etmirik. Ola bilsin, bir çox dövlət bu istiqamətə Azərbaycandan daha çox maliyyə vəsaiti ayırır. Amma əsas məsələ ayrılan vəsaitin miqdarı yox, onun necə bölünməsidir. Hökumətimiz bu məqama xüsusi diqqət yetirir və ədalət prinsipini əsas götürür. Dövlət başçısı dünən keçirdiyi videobağlantı zamanı artıq koronavirusla mübarizəyə 3,5 milyard vəsaitin ayrıldığını dedi. Bu rəqəm ilk zamanlar 1 milyard idi. Deməli, ölkəmizin kifayət qədər maliyyə vəsaiti var və biz lazımi məqamlarda həmin vəsaitdən istifadə edə bilərik".