Vüqar Bayramov: "Pensiya, təqaüd və əmək haqqlarının ödənilməsində heç bir dəyişiklik olmayacaq"

"Mövcud maliyyə imkanları çərçivəsində büdcə sosial xərcləri tam olaraq ödəmək gücündədir"

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda dövlət xərclərinə yenidən baxılmasının və prioritet təşkil etməyən xərclərin ixtisar edilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır:

“Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin”.

Prezident qeyd edib ki, eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq”.

Ölkə rəhbərinin diqqət çəkdiyi mühüm məqamla bağlı “Sherg.az”a danışan millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, Prezidentin tapşırığı ilə dövlət büdcəsində xərclərə yenidən baxılması və təcili olmayan xərclərin növbəti illərə keçirilməsi nəzərdə tutulur.

Deputatın sözlərinə görə, bu zaman həm investisiya, həm də cari xərclərə baxılacaq və onların strukturunun təkmilləşdirilməsi ilə bağlı addımlar atılacaq: 

“Prezident tərəfindən müəyyən edilmiş əsas tapşırıq həm büdcə xərclərində şəffaflığın gücləndirilməsi, həm də büdcənin gəlir və xərclər hissəsinin mövcud çağırışlara, o cümlədən xarici faktorların yaratdığı reallıqlara uyğunlaşdırılmasından ibarətdir. Bu kontekstdə 2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərinin strukturunda müəyyən dəyişikliklərin olacağı gözlənilir. İlk 3 ayın yekunları göstərir ki, dövlət büdcəsinə proqnozlaşdırılandan daha çox vəsait cəlb etmək mümkün olub. Baxmayaraq ki, pandemiyanın təsirləri var, amma buna rəğmən, sözügedən dövrdə büdcəyə əlavə 300 milyon manat vəsait cəlb edilib. Bu isə ondan xəbər verir ki, pandemiyanən iqtisadiyyata təsirləri fonunda büdcəyə qeyri-neft sektorundan və vergili daxilolmalardan nəzərdə tutulandan daha çox vəsait daxil olub”. 

Parlament üzvü bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir: 

“Nəzərə alsaq ki, dövlət büdcəsində neft sektorunun payı 56 faizdir, deməli 2020-ci ildə qeyri-neft sektoru 44 faizi formalaşdırmalıdır. Eyni zamanda Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri ümumi neft daxilolmalarının 84 faizini təşkil edir. Bu, ümumi büdcə gəlirlərinin 48 faizi deməkdir. Dövlət Neft Fondu 2020-ci ildə büdcəyə 6,7 milyard dollar vəsait transfer etməlidir. Amma qlobal çağırışlar fonunda büdcənin xərc strukturunun təkmilləşdirilməsi vacibdir. Ölkə prezidentinin də tapşırığı ondan ibarətdir ki, 2020-ci ildə büdcədə proqnozlaşdırılan sosial xərclər və eləcə də sosial proqramların maliyyələşdirilməsi ilə bağlı hər hansı dəyişiklik olmayacaq. Pensiya, təqaüd və büdcədən əmək haqqlarının ödənilməsində heç bir dəyişiklik nəzərdə tutulmur. Büdcə xərclərinin 38,5 faizi birbaşa sosial ayırmalardır. Mövcud maliyyə imkanları çərçivəsində büdcə sosial xərcləri tam olaraq ödəmək gücündədir. Konkret hansı layihələrin təxirə salınması ilə qiymətləndirmə aparıldıqdan sonra müəyyən olunacaq. Bütün hallarda sosial layihələrin təxirə salınmasından söhbət belə getmir”.