Jalə Əliyeva: "Azərbaycan hökuməti koronavirus pandemiyasına çox çevik münasibət göstərdi" 


 Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir.

Bu addımlar vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Həmin tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

 Millət vəkili Jalə Əliyeva dövlət başçısının bu addımı ilə bağlı "Sherg.az"a danışarkən Azərbaycanın ilk gündən məsələyə həssaslıqla yanaşdığını qeyd edib:

"Azərbaycan hökuməti koronavirus pandemiyasına çox çevik münasibət göstərdi. Biz atılan məqsədyönlü addımların nəticəsini gördük. Beləliklə, Azərbaycan bu gün itkilərin sayına görə ən axırıncı, səhiyyə işçilərinin uğurlu fəaliyyətinə görə  ön sıralardadır. Bu, Azərbaycan dövlətinin qüdrətindən, gücündən xəbər verir". 

 Deputat onu da bildirdi ki, insanların sosial təminatının qorunması hökumətin həmişə diqqət mərkəzindədir: "Hökumətin həssas ailələrə yardım paketi ayırması heç də təsadüfi deyil. Bu, onu deməyə əsas verir ki, dövlət öz vətəndaşının qayğısına qalır. Azərbaycan dövləti vətəndaşını həmişə qoruyur. Həssas ailələr, o cümlədən işsizlər üçün maliyyə vəsaitinin ayrılması Azərbaycan iqtisadiyyatının nə qədər dayanıqlı olduğundan xəbər verir".