"Alınan yeni qərar yüzminlərlə ailənin ehtiyacını ödəyəcək bir addımdır" - Musa Qasımlı

Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda birdəfəlik ödəmə almaq üçün müraciət edənlərin sayının kifayət qədər artdığını söyləyib.

Ölkə rəhbəri indi bu təkliflərin, sifarişlərin geniş təhlil edildiyini deyib. Dövlət başçısının sözlərinə görə, maksimum səviyyədə şəffaflıq təmin edilməlidir:

“İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir”.

Qərarı “Sherg.az”a dəyərləndirən millət vəkili Musa Qasımlı deyib ki, belə bir qərarın dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilməsi bir daha göstərir ki, Azərbaycan dövlətinin başlıca məqsədi vətəndaşı qorumaq, onu müdafiə etməkdir: 

“Cənab Prezidentimiz həmişə söyləyib ki, o, hər bir azərbaycanlının prezidentidir. Alınan yeni qərar indiki şəraitdə yüzminlərlə ailənin ehtiyacını ödəyəcək bir addımdır və dövlətimizin siyasətinin mahiyyətini əks etdirir”.