Pandemiya Azərbaycana  az təsir etdi: Çünki vaxtında önləyici tədbirlər həyata keçirildi

 “Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir”.

Bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib. Ölkə başçısı bəyan edib ki, insanların sosial müdafiəsini daha da gücləndirməliyik:

“Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir”. 
Ölkə rəhbəri vurğulayıb ki, bu il üçün 50 min ödənişli ictimai iş yeri açılmalı idi: “Amma bugünkü vəziyyətlə əlaqədar bu rəqəm artırılmalıdır. Belə ki, bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır. Bu sahəyə də çox ciddi nəzarət olmalıdır. İndi mexanizm daha şəffafdır”.

Dövlət başçısının vurğuladığı məqamları “Sherg.az”a dəyərləndirən millət vəkili Cavid Osmanov bildirib ki, koronavirus pandemiyası və onun yaratdığı böhran dünyanı bürüyüb.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı çox xoşbəxtdir ki, pandemiyanın ən az təsir etdiyi bir ölkədə yaşayırlar: 

“Bunun səbəbi cənab Prezidentimizin vaxtında təsirli və davamlı önləyici tədbirlər həyata keçirməsidir. Koronavirusun dünya iqtisadiyyatına mənfi təsirləri nəzərə alınaraq dövlət başçısının tapşırığı əsasında qısa müddət ərzində Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın nəzdində dörd işçi qrupu fəaliyyətə başladı. Bu qruplar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat və Maliyyə nazirliklərinin, eyni zamanda Mərkəzi Bankın iştirakı ilə ciddi işlər gördü. Məlumdur ki, dövlət başçısı bu proqramlar üçün 1 milyard manat vəsait ayırmışdı, ancaq daha sonra yeni təkliflər hazırlandı və bu məbləğ 2,5 milyard manata qaldırıldı. 190 manatlıq iki aylıq müavinəti alanların sayı da 200 mindən 600 minə yüksəldildi. Cənab Prezidentimizin tapşırığı əsasında bu say 3 dəfə artırıldı və 400 min insanın evdə oturaraq iki ay 190 manat vəsait alması təmin olundu. Bu, çox böyük rəqəmdir”. 

Parlament üzvünün sözlərinə görə, 200 min insanın 600 minlə əvəzlənməsi göstərir ki, dövlət başçısı İlham Əliyevin ilk növbədə öz xalqının sosial durumunu düşünür: 

“Onu da əlavə edim ki, pandemiya ilə əlaqədar 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulurdu. Amma cənab Prezidentin tapşırığına əsasən, bu rəqəm il ərzində 90 minə çıxarılacaq. Bu da aztəminatlı ailələrin məşğulluğunun artırılması istiqamətində çox mühüm addımdır. Nəzərə alaq ki, artıq 5000 nəfər DOST Mərkəzi vasitəsi ilə işlə təmin olunub”.