Siyasi şərhçi: Hələ islahat aparılması vacib olan çox sahələr var

"Vacib sahələrin başında məhkəmə və hüquq sistemi gəlir"

“Əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq”.

Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans çıxış edərkən deyib. Ölkə rəhbəri vurğulayıb ki, əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin Prezident seçkilərindən sonra verilib: “Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək”.

Dövlət başçısının sözlərinə görə, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır:

“Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi - sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”.

Prezidentin növbəti islahatlar mesajını “Sherg.az”a dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, dövlət başçısının videokonfransdakı çıxışında toxunduğu istər koronavirus pandemiyası ilə əlaqəli görülən tədbirlər, istərsə də islahatlarla əlaqəli məqamlar ölkə ictimaiyyəti tərəfindən maraqla izlənildi və təqdir edildi. 

Partiya təmsilçisinin sözlərinə görə, koronavirus pandemiyasının dünyada törətdiyi fəsadlar və itkilər fonunda ölkəmizdə ağır nəticələrin minimum səviyyədə olması təbii ki, dövlət başçısının həyata keçirdiyi mühüm önləyici tədbirlərlə bağlıdır: 

“Əvvəlcə vurğulayım ki, vaxtında görülmüş işlər, karantin müddətində əhalinin aztəminatlı təbəqəsinə birdəfəlik yardım edilməsi və ümumən iqtisadiyyatın ayaqda qalması üçün qabaqlayıcı tədbirlərin görülməsi olduqca mühümdür. Prezident bütün işlərə şəxsən özü nəzarət edir. Ümid edirik ki, yaxın günlərdə bu bəladan və onun fəsadlarından xilas olacağıq. Həqiqətən də, 2019-cu il geniş islahatlar ili oldu. Dövlət başçısının çıxışından göründüyü kimi islahatlar prosesi hələ başa çatmayıb. Sadəcə pandemiya ilə əlaqədar prosesə bir qədər fasilə verilib. Hesab edirəm ki, islahatların davam etməsi zəruridir. Başladılan prosesin tamamlanmamış sonlandırılması perspektiv üçün yaxşı nəticələr verməz. Xalq bu islahatları və onların nəticəsini həyati önəm kəsb edən məsələ sayır. Dövlət başçısı da bunu hamıdan yaxşı görür və ona görə də çıxışında islahatların davam edəcəyi mesajını verir”. 

Siyasi şərhçinin sözlərinə görə, hələ islahat aparılması vacib olan çox sahələr var: 

“İslahat aparılması vacib sahələrin başında məhkəmə və hüquq sistemi gəlir. İnsanların da görülən işlərə inam yaradılması əsasən bu sahələrdə görüləcək işlərdən asılıdır. Heç şübhəsiz, icraedici orqanlarda da islahatlar hələ sona çatmayıb. Eyni zamanda bələdiyyələrin hüquqlarının qorunması və bələdiyyələrə özünüidarədə müstəqillik verilməsi də mühüm addım olardı. Ən əsası isə təhsil və səhiyyə sahəsində köklü islahatlar aparılmalıdır. Bu istiqamətlərdə görülən tədbirlər ilk növbədə Azərbaycan dövlətinin və dövlətçiliyinin güclənməsinə, beynəlxalq arenada imicinin artmasına səbəb olacaq. Öz dövlətini sevən hər bir insan bunun üçün çalışmalı, bu islahatlara dəstək verməlidir”.