"Karantindən qabaq da belə idi, küçəyə, bayıra çıxmağa həvəsim olmayıb" - Akif İslamzadə

"Evdə qalmaq darıxdırıcı ola bilir. Amma yaxşı kitablarım var, mənim üçün  problem deyil "

Bir müddətdir ki, ölkəmizdə koronavius pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunur. Dünən qəbul olunan qərara əsasən hazırkı vəziyyət may ayının 4-ə qədər davam edəcək.

Biz vətəndaşların öhdəsinə düşən isə səbr edərək, qanunlara tabe olmaqdır. İnanırıq ki, bu ağır günlərin də sonu gələcək. Apardığımız mübarizəni qələbə qazanaraq tamamlayacağıq. Nəhayət gündəlik həyatımıza qovuşub, həmişəki kimi işlərimizlə məşğul ola biləcəyik.

 Bəs  gündəmimiz haqqında korifeylər nə düşünür?

"Sherg.az" unudulmaz ifaları ilə Azərbaycan mədəniyyətinə böyük töhfələr verən, sevilən sənətkar Akif İslamzadə ilə əlaqə saxlayıb. 
A.İslamzadə hamı kimi qanunlara əməl etdiyini və nümunə olmağa çalışdığını söylədi:

- Özümüzdən kiçiklərə, qohum- əqrəbaya örnək olmalıyıq. Keçib gedər hər halda... Çoxu gedib azı qalıb. Evdə qalmaq darıxdırıcı ola bilir. Amma yaxşı kitablarım var. Ona görə mənim üçün  problem deyil. Kitabda oxuduqlarım yadımda daha çox qalır. Nəinki internetdən. Düzdür o da yaxşıdır. Çox məlumatlar var. Amma düşünürəm ki, elmli olmaq üçün oxumaq lazımdır. Müqəddəs kitabımızın də üzərində oxuyun yazılıb. Quran sözünün mənası oxu deməkdir. Karantin olmadan da mənim üçün həmişə belə idi. Küçəyə, bayıra çıxmağa həvəsim olmayıb. Gedəndə də bağa, dostlarımın yanına gedirdim.  Gəzməklə aram yoxdu. Hərə bir cür keçirdir vaxtını.  Gözlənilən iş idi. Axır zamanın əlamətlərindən biridir. Təəccüblənməyək, hələ bu başlanğıcdır. 

Evdən konsert proqramı təşkil edən xanəndələrə münasibət bildirən sənətkar, bu dövrdə məşhurlar tərəfindən göstərilən yardımların sosial şəbəkələrdə paylaşılması məsələsini də dəyərləndirdi:



- Televiziyaya çox baxmıram. Çıxıb oxuyurlar lap yaxşı. Amma bəzi şeylər var ki, qulağıma çatdı. Qonşum dedi ki, kimsə yaşlı adamlara kömək edir. Etmək yaxşıdır, amma onu danışmaq düzgün deyil. Misal var ki, sağ əl verəni sol əl bilməməlidir.  Belə şeyləri danışmazlar. Kiməsə kömək edirlər. Bu haqqda başqa adam məlumat verə bilər. Bir də var  özü çıxıb deyə ki, kiməsə bazarlıq etmişəm. Belə şeyləri dilə gətirməzlər.  Ya biz bu dövrün adamı deyilik. Bu ədəb ərkandır. Bilmirəm onlar meşədənmi çıxıblar? Ev tərbiyəsi görməyiblər? Ya nədir? Nə olur, olsun. Dəxli yoxdur. İstəyir hökümət işçisi, istəyir bazar adamı ol,  amma etdiyin işi danışmazlar. Ehsandır, onu söyləməzlər. Başqası danışsa olar. Amma çıxıb özün bildirəsən ki, 100 manat kiməsə kömək etmişəm düzgün iş deyil.