“Prezidentə yazılan məktublar dövlətə dəstəyin ifadəsidir” – ŞƏRH

“İnsanların sağlamlığını və iqtisadi fəallığı qorumaq ölkə rəhbərinin proseslərə ən optimal yanaşmasıdır” 




“Prezident İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə fəallığı ilə seçilən liderlərdəndir”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, dövlət başçısı Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə sahəsində görülən işləri intensiv nəzarətdə saxlayır, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində pandemiya ilə bağlı prosesləri diqqətlə izləyir: 

“Prezident öz mövqeyini kifayət qədər tutarlı arqumentlərlə əsaslandırdı və bundan sonra atıla biləcək addımların anonsunu verdi. Prezidentin nazirlərlə görüşü zamanı vurğuladığı məqamlar dövlət başçısının hazırki situasiyanı tamamilə düzgün dəyərləndirdiyini və yaxın perspektivdə proseslərin hansı məcrada inkişaf edəcəyini uzaqgörənliklə proqnozlaşdırdığını nümayiş etdirir. Ümumiyyətlə, cənab İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizədə fəallığı və effektivliyi ilə seçilən liderlərdən biridir. Sözügedən videokonfransda İlham Əliyev İqtisadiyyat nazirinə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə xitabən bildirdi ki, bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Prezident həm də bu tapşırıqların və bundan sonra görüləcək tədbirlərin əsas qayəsini nazirlərin diqqətinə çatdırdı. Gördüyümüz kimi ölkə başçısı dövlətin prioritetlərini bir daha hər kəsin diqqətinə çatdırdı. Həm də pandemiyanın davam etdiyi dövrdə hökumətin səmərəli fəaliyyət göstərməsi üçün “yol xəritəsi”ni cızdı. İnsanların sağlamlığını və iqtisadi fəallığı paralel şəkildə qoruyub saxlamaq ölkə rəhbəri tərəfindən proseslərə ən düzgün və optimal yanaşma nümunəsidir”. 

Ə.Hüseynovun sözlərinə görə, koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlərin icrası və postkarantin dövrünə hazırlıq istiqamətində sosial-iqtisadi məzmunlu işlərin görülməsi bundan sonra da davam etdiriləcək: 

“Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində həm vətəndaşların sağlamlığını və rifahını, həm də ölkənin iqtisadi fəallığını qorumaq vəzifəsini paralel surətdə uğurla həyata keçirən az sayda ölkələrdən biridir. Bu da müsbət bir haldır ki, Azərbaycanda pandemiya əleyhinə görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndirilir. ÜST-ün rəhbəri öz çıxışlarında Azərbaycanı digər ölkələrə də nümunə göstərir. Çünki Azərbaycanda yoluxanların, dünyasını dəyişənlərin sayının az olmasının əsas səbəbi hökumətin pandemiyaya qarşı mübarizə tədbirlərinə, önləyici addımlara vaxtında start verməsidir. Son iki ay ərzində pandemiyanın əhalinin sosial durumuna mənfi təsirlərinin minimallaşdırılması üçün görülən operativ tədbirlər ölkəmizdə sosial siyasətin effektivliyini göstərir. Bu gün bir çox sadə vətəndaşlarımız tərəfindən Prezidentə yazılan təşəkkür məktubları və ismarıcları da koronavirus pandemiyasının fəsadlarına qarşı dövlətin gördüyü işlərə ictimai dəstəyin ifadəsidir”.