"Gənclər heç əl- ələ də tutmamışdılar" - Şahmatçılar cəmiyyətə nümunə oldular


Şahmat üzrə milli komandalarımızın iki üzvü – Nicat Abbasov və Xəyalə Abdulla ailə həyatı qurublar.  Gənc şahmatçılar Nəsimi rayon qeydiyyat şöbəsində nikah bağlayıblar.

Qrossmeysterlərin sevda rəsmiləşməsi karantin dönəminə düşdüyündən, onlar tövsiyəyə uyğun olaraq tibbi ləvazimatlardan yararlanıblar. Xoş və nümunəvu addım ictimaiyyət arasında müsbət qarşılanıb.

 Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bunun digərləri üçün örnək olacağını deyib:

"Fotonu mən də görmüşdüm. Gənclər heç əl- ələ də tutmamışdılar. Halbuki əllərində əlcək var idi və istəsələr əl- ələ tuta bilərdilər. Onlar bu addımları ilə cəmiyyətə mesaj ötürdülər. Göstərdilər ki, toy sadəcə simvolik xarakter daşıyır. Amma heç nə, heç bir məhdudiyyət nikaha, ailə həyatı qurmağa mane ola bilməz. Belə çətin bir vaxtda hökumətə dəstək lazımdır. Biz həmin şahmatçıların timsalında verilən tapşırıq və tövsiyələrə əməl etməliyik". 

 Bəziləri düşünür ki, koronavirus pandemiyasının müsbət cəhətlərindən biri də insanlara təmtəraqlı, 500-600 nəfərlik toy məclislərinin əhəmiyyətsizliyini başa salmaq olacaq. Və tədricən belə toy məclisləri unudulacaq. Sosioloq isə bunun üçün yanaşmanın kökündən dəyişilməsinə ehtiyac olduğunu fikirləşir:



"Bizdə toylara borc, məcburiyyət kimi yanaşırlar. İnsanlar düşünürlər ki, əgər kimsə mənim toyuma gəlib filan qədər pul yazılıbsa, mən də gələcəkdə mütləq onun toyuna getməli və həmin məbləğdə pul yazılmalıyam. Bu, səhv yanaşmadır, bazar iqtisadiyyatının gətirdiyi mənfi tendensiyadır. "Siyahı" anlayışı ləğv olunmalıdır ki, insanlar toya borc qaytarmaq məqsədilə getməsinlər. Bəlkə, belədə təmtəraqlı məclislər unudular. Əvvəllər insanlar ailə həyatı quranlara kömək edir, bu və ya digər yolla dəstək olurdular. Kim nə istəyirsə, nəyə gücü çatırsa onu da edirdi. Sonradan bu adətə "düzəlişlər" edildi və nəticədə belə xoşagəlməz adət yarandı. Hətta koronavirus da bizə bu adəti unutdura bilməz. Gərək özümüz özümüzü tərbiyə edək. Bunun üçün həm ictimai qınaq, həm də hökumət nəzarəti lazımdır. Eyni zamanda, media məsələni gündəmə gətirərək, həll yollarını tapmağa yardımçı olmalıdır. Çünki israfçılıq günah olmaqla yanaşı, həm də iqtisadiyyata zərbədir".