“Layihələr əhalinin sosial durumunu yaxşılaşdırıb” - Deputat

“Azərbaycan dövləti sosialyönümlüdür və bu siyasətin mərkəzində vətəndaş dayanır”





“Koronavirus pandemiyası millətindən, dinindən, dilindən, irqindən, sosial statusundan asılı olmayaraq bütün dövlətləri hədəf alıb”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Ekspert bildirib ki, hər bir dövlət öz gücü və potensialı müqabilində pandemiyaya müqavimət göstərir: 

“Bəzi ölkələrdə virusa qarşı müqavimətin keyfiyyət göstəriciləri yüksək olsa da, əksər dövlətlərdə aşağı səviyyədədir. Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Dövlət başçısı cənab İlham Əliyev pandemiyanın yarandığı və onun dünya ölkələrinə təsirinin başlandığı ilk anlardan başlayaraq önləyici, qabaqlayıcı, sistemli və ardıcıl addımlar atdı. Bu addımlar özündə 3 istiqaməti ehtiva edir. Birinci istiqamət Azərbaycan vətəndaşlarının sağlamlığının və həyatının qorunması ilə bağlıdır.

İkinci istiqamət yeni vəziyyətdə insanların sosial müdafiəsinin təmin edilməsidir. Üçüncüsü isə iqtisadi fəallığın qorunub saxlanmasıdır. Vətəndaşların sağlamlığının qorunması ilə bağlı addımlar, xüsusilə sosial müdafiə istiqamətində verilən qərarlar cəmiyyətimizdə çox böyük ruh yüksəkliyi ilə qarşılanır. Ölkə Prezidentinə hər gün minlərlə sadə vətəndaşlardan təşəkkür məktubları gəlir. Hər kəs cənab dövlət başçısına minnətdarlıq edirlər ki, Prezident vaxtında atdığı addımlarla insanları və onların doğmalarını xəstəlikdən hifz edib. Eyni zamanda ölkə rəhbərinin birbaşa nəzarəti ilə həyata keçirilən sosial layihələr əhalinin sosial durumunu yaxşılaşdırıb”. 



Parlament üzvünün sözlərinə görə, pandemiyanın təsirləri çox böyükdür və bu səbəbdən dünya ölkələrində ciddi iqtisadi problemlər yaşanmaqdadır

“İndiki vəziyyətin 2008-2009-cu il iqtisadi böhranından daha ağır olacağı söylənilir. Bu reallıqlar fonunda dövlət başçısı cənab İlham Əliyev sözün həqiqi mənasında hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu öz əməli addımları ilə hər gün, hər saat sübut etməkdədir. Obyektiv səbəblərlə bağlı neftin qiyməti aşağı düşüb. Pandemiyanın təsirləri nəticəsində insanlar işləmir.

Dövlət sekltorunda çalışan 1 milyona yaxın insan işləmədən dövlətdən məvacib alır. 300 min sahibkarlıq subyektindən çalışan insanlar öz əmək haqqlarının böyük hissəsini dövlət hesabına təmin edirlər. 300 minə qədər mikrosahibkarlıq subyektində çalışan işçilərə maaşı dövlət ödəyir. Bunların hamısı Prezidentin tapşırığı ilə reallaşıdılır. Aprel-may aylarında işsizlərə ödəniləcək 190 manatlıq müavinət dövlət başçısının qərarı ilə 200 min yox, 600 min insana veriləcək. Dövlət başçısı ödəniş alanların sayını 3 dəfə artırmaqla xalqına olan diqqət və qayğısını bir daha ortaya qoydu”. 

E.Nəsirov vurğulayıb ki, insanlar görülən tədbirlərdən olduqca məmnundur: 

“Dövlət başçısı mövcud iqtisadi problemlərə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, öz xalqının sosial rifahını düşünür. Ölkənin gəlirlərinin azaldığı bir reallıqda cənab Prezident bütün mümkün vasitələrdən istifadə edir ki, əhalinin sosial rifahında problem yaranmasın. Bu da onu göstərir ki, Azərbaycan dövləti sosialyönümlü dövlətdir və bu siyasətin mərkəzində vətəndaş dayanır. Ölkə rəhbərinin siyasi iradəsi və təşkilatçılıq qabiliyyəti sayəsində pandemiyanın təsirləri minimuma endirilib. Sağalanların sayı yoluxanları üstələməkdədir. Bu, müsbət tendensiyadır. İnanırıq ki, yaxın perspektivdə ölkəmizdə əvvəlki həyat ritmi bərpa olunacaq”.