“Həm qrip, həm də koronavirusa yoluxmaq mümkündür”

Düzdür, buna nadir hallarda rast gəlinir. Amma istisna edilımir”


Statistik göstəricilərdən məlum olur ki, ölkədə  koronavirus pandemiyasına yoluxanların sayı getdikcə azalır. Əlbəttə, bu, sevindiricidir. Narahatlıq yaradan məqam ondan ibarətdir ki, insanlar bir çox hallarda koronavirusla adi qripi fərqləndirə bilmirlər. Bəzən adi qripə yoluxan adam lazımsız panikaya düşür, koronavirus daşıyıcısı isə xəstəliyin sadəcə mövsümü qrip olduğunu zənn edir. Nəticədə ziddiyyətli və təhlükəli vəziyyət yaranır.

 Bununla bağlı "Sherg.az"a danışan həkim- allerqoloq Şahvələd Məmmədovun sözlərinə görə, bu iki xəstəliyi fərqləndirmək heç də asan deyil: 
"Koronavirus ərköyün uşağa bənzəyir. Özünü necə istəyir, elə də aparır. Təsadüfi deyil ki, inkubasiya dövründə hər insanda xəstəliyin ilkin əlamətləri müxtəlif olur. Adi qripdən fərqləndirmək üçün epidemioloji analizdən istifadə etmək lazımdır. Əgər xəstə son 15 gündə koronavirus daşıyıcısı ilə təmasda olubsa, çox güman, o da bu infeksiyaya yoluxub. Onu da deyim ki, eyni vaxtda, yəni paralel olaraq həm adi qripə, həm də koronavirusa yoluxmaq olar. Düzdür, buna nadir hallarda rast gəlinir. Amma mümkündür".