Xalq artisti hiddətləndi : “Sırğa taxıb, "at quyruğu" bağlamaq müasirlik deyil” - Söhbət

“Müasirlik daxilində olmalıdır.  Nəysə yaralı yerdir. İstəmirəm dərinə gedim...”

“Vaqif Mustafazadə, Rəşid Behbudov, Fikrət Əmirov, Arif Məlikov və başqa dahilərimiz sənət qoyub gediblər”

Gənclər işlərini onların üzərində qurmalıdır. Onlar yaradıb gediblər ki, sizə dərslik olsun”




Koronavirus pandemiyasına qarşı aparılan mübarizə davam etdirilir. Dünyada vəziyyət gərginləşsə də, ölkəmiz müsbət nəticəyə doğru irəliləyir. Karantin rejiminin uzadılmasına baxmayaraq yoluxanların sayında xeyli azalma nəzərə çarpır. Bunlar da dövlətin vaxtında və ciddi şəkildə həyata keçirdiyi tədbirlərin nəticəsidir. 
"Sherg.az" kritik günlər ərzində vaxtlarını evdə keçirən məşhurlarla həmsöhbət olmağa davam edir. Budəfəki, müsahibimiz isə sevilən müğənni, xalq artisti Mübariz Tağıyevdir.

Söhbəti təqdim edirik:

- Mübariz müəllim, karantin günləriniz necə keçir?

- Evdəyik hamımız. Müəyyən vaxt  çatışmazlığı var idi. Xeyli kasetlərim köhnədən yığılıb, qalıb. Onlar meydana çıxdı. Özüm də inana bilmədim ki, nə vaxt və harda oxumuşam? Zal da tanış gəlmir. Rayonlardakı konsertlərdi. Yəni maraqlı şeylər çoxdu.  Mahnı mətnləri üçün şeirlər yığılıb. Nəvələrimin dərsinə baxıram. Asudə vaxtım belə keçir. 

- Bəs yaradıcılıq işləriniz davam edirmi?

- AzTv-nin bədii şurası üçün layihə hazırladım. Efirə gedir  “Mədəniyyət” kanalında. Bir neçə dəfə yayımlanıb artıq. Onu tamamladım bu qısa müddətdə. “Online” həyata keçirdim. Sənət adamıyıq işimizlə bağlı məşğuliyyətimiz çoxdur. 

-“Online” layihələrdən söz düşmüşkən.. Evdən konsertləri təqdir edirsinizmi?

- Çox müsbət baxıram. İndi elə vaxtdır ki, həqiqi mənada birlik olmalıdır.  Görürsüz ki, virus bütün dünyanı bürüyüb. Çoxları buna inanmırlar. Bilmirəm hardan bu fikrə gəlirlər. 

- Sizcə niyə o düşüncədədirlər?

 - Ola bilər ki şəbəkələrdə yayılan xəbərlərdəndir. Ancaq bütün dünya vəlvələ içindədir. Bu qədər yalan, uydurma ola bilməz.  Karantin mayın 4-ə qədər uzadıldı.  Elə olsun ki, səngisin. Hər şey qaydasına düşsün. Düşünürəm hər şey yaxşılığa doğru gedir. Sağ olsun, dövlətimiz vaxtında bu virusla bağlı çox işlər gördü. Həqiqi mənada. İtirmək olmaz. Pandemiya Azərbaycanda səngiyir, yaxşılığa doğru gedir. Təki belə olsun.  

- Bəzən deyirlər ki, virusu laboratoriyada hazırlayıb süni şəkildə dünyaya yayıblar...

- Mən o haqda heç nə deyə bilmərəm. Virusoloq deyiləm. Ancaq ola bilər kimyəvi, eksperiment və s. dünyada çox şey var. Hər şey ola bilər. Dəqiq bir fikir söyləyə bilmərəm. Lakin fakt odur ki, bütün dünyanı bürüyüb. Bu bəladan çıxmaq lazımdır. Vaxtaşırı belə  şeylər dünyaya yayılır. İnanıram ki, bunun da əlacı tapılacaq. Dünyada alimlər çarə axtarmaqla  məşğuldurlar.  Yaxınlarda dərmanı tapılar. Ancaq özümüzdən çox şey asılıdır. Gərək özümüzü qoruyaq. 

- Bütün gün evdə qalmaq psixoloji problemlər yarada bilir...

- İnsanların çoxunun əsəbi  korlanıb. Ələxsus iş adamlarının. İşlə bağlı, harasa gedirdilər. Onlar üçün çox çətindir. Kimsə nə isə axtarır tapır, başını qatır. Bir çoxu isə pis vəziyyətdədir. Ekranda nə qədər çox psixoloq olsa, əhali ilə ekran vasitəsilə danışsalar bir o qədər yaxşıdır. Mənim də deməyim lazımdır. Müəyyən qədər çıxırıq efirlərə ürəyimizi boşaldırıq. Amma daha çox psixoloqlar bu işlə məşğul olmalıdırlar.  

- Karantin günlərinin müsbət cəhətləri hansılardı? 

- Müəyyən ailələrdə istilik yarandı. Bir-birlərini başa düşdülər. Müəyyən ailələrdə də boşanmaq da ola bilər. İnsanların özündən asılıdır. Təki olmasın... Yaxşılığa doğru getsin,  ancaq həyatdı. Karantin dövründə  insanları başa düşmək çətin olur. Hamı bir deyil. Birimiz belə qarşılayırıq. Digərimiz başqa cür. Bəlkə kimsə 9 aydan sonra yeni övladı doğulacaq onun adını fikirləşir. O da var... Həyatın bilinməyən qanunlarıdır. Həm gülməli, həm aglamalıdır.. Bu da həyatdır, yaşayırıq. Sınaqdır keçirik. Ola bilər imtahandır.. Ancaq biraz ağıllı hərəkət etsək İtaliyanın, Amerikanın taleyini yaşamarıq. İtkiləri çoxdur. İtaliyanı görürsüz  nə gündə idi. Dünyaya Çindən yayılıb. Orda milyonlarla insan var. Çindən  artıb yavaş-yavaş uzaqlaşıb. Baxmayaraq ki, ordan başladı. Təki torpağımıza əmin- amanlıq gəlsin. Camaat sağ- salamat olsun. İtkilər olmasın. Tibb işçilərinə Allah can sağlığı versin, tezliklə qayıtsınlar evlərinə.

- Karantindən sonra ilk işiniz nə olacaq?

 - Plan qurmamışam. Öz həyatıma qayıdacam. Sənət adamıyıq. Çox layihələr olacaq. Filmlər çəkiləcək, kitablar yazılacaq. Bir şeyi də yaddan çıxarmayaq ki, müharibə şəraitindəyik. Hələ qarşıda işlərimiz var. Dövlətin bütövlüyü haqqında düşünməliyik. Təki torpaqlarımız azad olunsun. Hər şey yaxşı olar. Düzələr inşallah.

- Söhbətin axarını dəyişmək istərdim... Musiqimizin hazırkı vəziyyəti haqqında nə düşünürsünüz?

- Vaxtaşırı dünyada musiqinin bütün sahələrində cərəyanlar dəyişir. Yeni fikirlər gəlir. Biri Afrikadan başlayır, digəri Amerikadan və ya Avropadan gəlir. Biri bizdən.. O millətlər ki, yeni cərəyanları özünə götürüb. Üzərində işləyib, musiqi halında əhaliyə çatdırırlarsa, normal haldır. Amma Afrikadan götürülmüş musiqiyi eyni sifətdə, halda qaytarmaq tamam başqa şeydir. Zaman-zaman dahi sənətkarlarımız Vaqif Mustafazadə, Rəşid Behbudov, Fikrət Əmirov, Arif Məlikov haqqında Mədəniyyət kanalında verlişlər gedir, yaxşı işlər təqdim olunur. Bu insanlar sənət qoyub gediblər. İşlər onların üzərində qurulmalıdır. Nəysə yaradıb gediblər ki, sizə dərslik olsun. Bunun üzərində qurun. Başqa fikirlərə düşməyin.  Gənc nəsil müasirlik axtarır. Çox məsələlər var ki, istəmirəm dərinə gedim. Müasirlik qulağa sırğa taxıb, at quyruğu bağlamaqda deyil. Müasirlik daxilində olmalıdır.  Nəysə yaralı yerdir. İstəmirəm dərinə gedim...