Tədbirlər nəticə verir: “Virusa yoluxma hallarında stabilləşmə var”

Azərbaycanda koronavirusa yoluxma səngiyib. Bu gün 38 nəfərdə koronavirus aşkarlanıb, 79 nəfər isə sağalıb, evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda pandemiyaya yoluxanların sayında silsiləli artım müşahidə olunmasa da, koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 4- dək uzadılıb. Mütəxəssislər də Operativ Qərargahın bu qərarını düzgün hesab edir. Onların fikrincə, karantin rejiminə son vermək üçün yoluxma hallarının təkcə bizdə yox, eyni zamanda, dünyada da gedişatına baxmaq lazımdır. Yəni xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyətinin zəifləməsi kimi hallara baxılmalıdır. Təbii ki bu, bir çox səbəblərdən asılıdır. yoluxma hallarında azalma var və xəstəliyi keçirən insanlar daha yüngül formada bunu keçirirlər və belə vəziyyət dünya ölkələrində də baş verir, o zaman qaydalar mütəmadi şəkildə yüngülləşdirilə bilər. 

İnfeksionist-hepatoloq Azər Nağıyevin “Sherg.az”a açıqlamasına görə, son günlər virusa yoluxma hallarında müəyyən stabilləşmə nəzərə çarpır: 

“Bu, təsadüfi deyil. Koronavirusun ölkəmizdə kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün aparılan sosial izolyasiya və digər çoxsaylı tədbirlər nəticə verməyə başlayıb. Çox böyük ehtimalla yaxın günlərdə bu stabillik daha da bariz olacaq”.

Koronavirusun hazırda spesifik müalicəsi və peyvəndi  olmadığını xüsusi vurğulayan həkimin sözlərinə görə, dünyada çoxlu sayda  mütəxəssis bu problemin həlli üçün durmadan çalışır:

“Günümüzdə müalicə hələlik simptomatik preparatlarla aparılır. Qızdırma salınır, ağciyər çatışmazlığı varsa dəstək verilir. Hər hansı bir antibiotikin bu viruslara təsiri sübut olunmayıb. Bu  pandemiya koronovirusun yeni mutasiya olunmuş növü ilə baş verdiyi üçün  digər viruslarla müqayisədə daha sürətli yoluxur. Odur ki, Hər bir insan təkcə özünü deyil, eyni zamanda ətrafını da düşünüb gigiyenik qaydalara ciddi əməl etməlidir”.