Onlar təhlükədədir: "Şişmanların koronavirusa yoluxma riski böyükdür"

Xanımlar da, kişilər də karantin sonrası artıq çəki roblemi ilə üzləşmək istəmirlərsə, 2 şərtə diqqət etməlidirlər

İsveç tədqiqatçıları şişman adamları COVID-19-un risk qrupuna daxil edib.
İsveç Milli Səhiyyə Şurası alimlərinin apardıqları tədqiqatlar çərçivəsində alınmış məlumatlara əsasən COVID-19-un risk qrupuna daxil olan xəstəliklərin yeni siyahısı tərtib olunub. Azərtac-ın məlumatında bildirilir ki, Milli Səhiyyə Şurasının tərtib etdiyi siyahıda səkkiz xüsusi həssas qrup ön plana çəkilir. Əvvəllər müəyyən edilmiş milli faktorlara piylənmə, onkoloji xəstəliklər, yan amyotrofik skleroz, dalğın skleroz kimi sinir pozulmaları, Parkinson xəstəliyi, həmçinin fiziki və intellektual uyğunsuzluqlar daxildir.
Buna baxmayaraq, tədqiqatçıların fikrincə, yaşı 70-dən yuxarı olan insanlar hələ də əsas risk qrupunu təşkil edirlər. İsveç Milli Səhiyyə və Sosial Müdafiə Şurasının nümayəndəsi Urban Nelenin sözlərinə görə, bu siyahı həm də infeksiyalardan qorunmaqdan ötrü maliyyə yardımı almalı olan şəxslərin özlərinin və ya onların ailə üzvlərinin yoluxmaması üçün evdə qalmalarına əsas ola bilər.
Tədqiqatın nəticələrinə dair hesabat İsveçin səhiyyə naziri Lena Hallengrenə təqdim edilib.



Şişman insanların risq qrupuna aid olmasını “Şərq”ə şərh edən həkim-qastroenteroloq Sevindik Arazov qeyd etdi ki, şişmanlıq müəyyən xəstəliklərin göstəricisidir:

- Amerikalılar bunu İsveç tədqiqatçılarından öncə deyib. Çünki ABŞ-da koronavirusdan vəfat edənlərin 70 faizi məhz şişmanlardır. Ümumiyyətlə, diqqət etmisinizsə, ABŞ-da şişmanlar çoxdur. Şişman insanların daha çox risk daşıdığına dair dəqiq elmi araşdırmalar yoxdur. Sadəcə, şişmanlığın səbəblərinə baxmalıyıq.  Şəkərli diabet, arterial təzyiq xəstəlikləri şişmanlığa gətirib çıxarır. Şişman insanların COVİD-19-un risk qrupuna daxil edilməsinin əsas səbəbi məhz budur. Yəni şişmanlıq bir sıra xəstəliklərin nəticəsi olaraq yaranır, deməli, həmin insanlarda hansısa xroniki xəstəliklər mövcuddur, ona görə də bu kateqoriyaya aid insanlar risk qrupuna daxildir. Əvvəldən də deyilirdi ki, xroniki xəstəlikləri olanlar, həmçinin yaşlılar daha artıq təhlükə altındadır. Xəstəlik varsa, orqanizm zəifləyir, yaşlı orqanizmin də virusa qalib gəlmək gücü aşağı səviyyədə olur. Bunları nəzərə alaraq, bəli, şişman insanların da daha artıq risk altında olduğunu təsdiqləyə bilərik.

S.Arazov xüsusi karantin rejimi dövründə “evdə qal” tələblərinə əməl edənlərin çəki problemindən şikayət etdiklırini də dedi:

- Məlumdur ki, hazırda insanların aktivliyi azalıb. “Evdə qal” çağırışına hamı riayət etməlidir. Bu da istər-istəməz passivliyə səbəb olur. Amma əhalimiz, xanımlar da, kişilər də karantin sonrası artıq çəki problemi ilə üzləşmək istəmirlərsə, 2 şərtə diqqət etməlidirlər; evdə olmalarına baxmayaraq gimnastik hərəkətlər sayəsində daimi aktivliyi təmin etməli və qida kalorisinə fikir verməlidirlər. Kalorili, xüsusilə karbohidratlarla zəngin qidalardan uzaq olmalı, meyvə-tərəvəzlərə üstünlük verməlidirlər.