Səfil həyat bitir -  Uşaq evlərini tərk edən yeniyetmələrin üzünə gün doğdu


Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.


Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Qeyd edək ki, sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bəs sənədin qəbulu valideyn himayəsindən məhrum uşaqlara hansı gələcəyi vəd edir?

“Təmiz Dünya” Qadınlara Yardım Birliyinin sədri Mehriban Zeynalova valideyn himayəsindən məhrum, müəyyən yaş həddinə çatdıqda uşaq evlərini tərk edən yeniyetmələrin “itirilmiş” uşaqlar olmaması üçün qəbul edilən qərarın böyük əhəmiyyət kəsb etdiyini dedi: 

- Bəzən belə hallarla rastlaşırıq ki, vaxtilə uşaq evində böyümüş, valideyni tərəfindən atılmış uşaqlar cəmiyyət üçün itirilmiş olur. Bu o zaman baş verir ki, uşaq evini tərk edən yeniyetmə (yetkinlik yaşına çatdıqda onlar uşaq evini tərk etməli olur M.Z.) həyatda yerini tapa bilmir.

Bunu da bir çox səbəbləri var. Əsas səbələrdən biri də məhz yaşayış sahəsinin olmaması, gəncin gəlirinin olmaması səbəbindən mənzil kirayələyə bilməməsidir. Bunu xüsusi vurğulamalıyam ki, son illərdə internat məktəbləri peşə yönümlü fəaliyyət göstərir. Bu da uşaqların müəyyən peşələrə sahib olmasına və gələcəkdə hər hansı bir peşə ilə məşğul ola biləcəklərinə və nəticədə öz yaşayışlarını təmin etmələrinə kömək olur. 



Biz təşkilat olaraq bu məsələni bir neçə il öncə qaldırmışdıq ki, internat məktəblərində uşaqlar oranı tərk etmələrinə 6-7 ay qalmış peşəyönümü üzrə hazırlıq keçsinlər. Bu məsələdə şirkətlərin də üzərinə məsuliyyət düşür. Bu mənada ki, şirkətlər internat məktəblərini bitirən və müəyyən peşəyə malik gənclərə kvota ayırmalı və onları işlə təminb etməlidir. İnternat məktəbləri tərk edənlərin ən böyük  problemi məhz yaşayış sahəsinə sahib olmamalarıdır. Kimsə ailəyə qayıdır, kimsə ailə qurur. Təəssüf ki, internat məktəbini bitirənlərin sonrakı taleyi ilə bağlı statistika aparılmır.

Neçə nəfər işləyir, neçə nəfərə ailəsi sahib çıxıb və sair... Bunu da vurğulamalıyam ki, bir neçə il əvvəl Heydər Əliyev Fondu xüsusi tipli  internat məktəblərinin sakinləri üçün Masazır qəsəbəsində 3 yaşayış binası inşa etdi. İnternat məktəblərinin xeyli sayda sakini mənzillə təmin edildilər. Biz təklif edirik ki, internat məktəbini tərk edən gənclər üçün sosial yataqxanalar tikilsin və onlara 3 il müddətinə təklif edilsin. 3 il ərzində bu gənclər işləsin, müəyyən peşəyə yiyələnsin. Sonra hazırkı sosial evlər kimi bir layihə ilə bu insanlar ucuz kredit şərtləri ilə mənzillə təmin edilsinlər. İşləsinlər və krediti ödəsinlər.

Bu, həm də gənclərdə məsuliyyətin formalaşmasına gətirib çıxarar. Gənc bilər ki, işləsə, yaşayışına təmin edə biləcək, yox əgər səfil həyat tərzi sürəcəksə, evi, mənzili olmayacaq. M.Zeynalova bildirdi ki, ümumiyyətlə, hər bir layihəyə başlamazdan əvvəl dəqiq təhlillər aparılmalıdır ki, sonradan gözlənilməz problemlər ortaya çıxmasın.