Məşədibabanın oğlu o məşum hadisədən DANIŞDI: “Görsəydi, məni də yandırardı...” – SÖHBƏT 

“Bu müdhiş olayın səbəbini  bilirəm, amma lap dəqiqini kişi özü bilirdi”

« 2008-ci ildə atamla meyxana demişəm, amma meyxanaçı olmağımı istəməyib. Demişdi polis olarsan..”

“Nə qədər ömrüm var, bu sənətdəyəm. Məşədibaba adı da üstümdədir”




9 il öncə , 2011-ci ilin 10 yanvarında tanınmış meyxanaçı, qəzəlxan Məşədibaba Aydəmirov  üzərinə benzin töküb, özünü yandırdı. Mediada səbəbi ilə bağlı müxtəlif məlumatlar yazılsa da, heç biri təsdiqini tapmadı. Ölümündən illər keçməsinə baxmayaraq söz xridarının qəzəlləri hələ də sevilərək sosial şəbəkələrdə paylaşılır.

Şairin oğlu Mircəlal atasının sənətini davam etdirir, o da artıq gənc meyxanaçı kimi meydana atılıb və deyişmələri də xeyli maraqla qarşılanır.  Bəzən onu Məşədibabanın “İkinci səhifəsi” adlandırırlar.  

Biz də "Sherg.az" olaraq mərhum söz ustadının oğlu Mircəlal bəylə əlaqə saxlayıb həmsöhbət olduq.
Söhbəti təqdim edirik.

 - Atanız 9 ildir, vəfat edib. Əlbəttə, bizim üçün dildə demək asan ola bilər. Ata itkisi və atasız keçən 9 il sizə necə təsir göstərdi? 

 - Düzünü desəm, 1, 2 il çətinlik çəkdim. Amma tədricən atasızlığa öyrəşdim.

- Həmin məşum hadisə baş verəndə yaşınız az olardı. Xatırlayırsınızmı o günü?
 
- Bəli, xatırlayıram, elə bil dünən idi.

 - Psixoloji cəhətdən sizə təsir etdimi? Sizdə nə kimi iz buraxdı və siz bu travmanı necə aradan qaldırdınız? 

- Elə bil  yuxu idi, o kabusu gördüm və ayıldım. Çox qorxmuşdum, dilim tutulmuşdu. Düşünməzdim belə  hadisə baş verər. Uşaq olduğum üçün əlimdən heç nə gəlmədi.  Mən bayıra çıxanda  artıq gec idi.  Əgər görsəydi, məni də yandırardı, bəlkə də...

- Bu hadisədən sonra ananız nələr yaşadı? Bildiyim qədəri ilə Məşədibaba həyat yoldaşı evə qayıtmadığı üçünmü belə bir qərara gəlib?
 
- Xeyr, bu, boş söhbətdir. Evə qayıtmaq məsələsi olmayıb.

- Bəs bu müdhiş  olayın səbəbini öyrəndinizmi?

-Səbəbini  bilirəm, amma lap dəqiqini kişi özü bilirdi.

- Atanızın xatirəsini əbədiləşdirmək üçün planlarınız varmı?

-8 ildir, artıq bunu edirəm.  Nə qədər ömrüm var, bu sənətdəyəm. Məşədibaba adı da üstümdədir.

- Məşədibaba  sadəcə meyxana ustadı deyili,  həm də qəzəlxan idi. Ölümündən sonra yarım qalan qəzəllərini, şeirlərini tapdınızmı?

- Xeyr,  hələki tapmamışam.

- Atanızın sənətini davam etdirirsiniz. Bu istedad uşaqlıqdan var idi? 

- Bəli, uşaqlıqdan var idi. Hətta 2008-ci ildə atamla meyxana demişəm. 

- Məşədibaba müəllim sağlığında meyxana  sahəsində  sizinlə məşğul olurdumu?

-Xeyr,  məşğul olmayıb. Çünki  meyxanaçı olmağımı istəməyib. Demişdi polis olarsan..

- Bəs atanızın, dostlarından tanımış söz xridarlarından sənətdə sizə dəstək olan, sizi yada salan varmı? 
 
- Olub,yad edən, yada salan, amma şükür Allaha heç kimə ehtiyacım olmayıb.

- Məşədibaba müəllimin ölümündən təxminən 10 il keçməsinə baxmayaraq hələ də sosial şəbəkələrdə qəzəlləri paylaşılır. Hətta fan səhifələri də var. Onlara nəzarət edirsinizmi?

-Bəli, nəzarət edirəm..