Hər kəs "əlini daşın altına qoymalıdır": “Yardımlaşma zamanıdır, amma...” 

“...Yardımlaşmanın təbliğatı və təqdimi məsələsində həssas yanaşma nümayiş etdirməliyik” 


“İndiki vəziyyətdə imkanı olan hər kəs, təşkilat, şirkət əlini daşın altına qoymalı və yardımlaşmada aktiv iştirak etməlidir”.
Bunu “Sherg.az”a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib. 
Partiya rəhbəri bildirib ki, pandemiya iqsadi cəhətdən həssas olan təbəqənin vəziyyətini bir qədər də ağırlaşdırıb. Dövlətin müəyyən etdiyi və həyata keçirdiyi yardım paketləri hər zaman ehtiyacı olan kəslərə çatmır: 


“Biz AĞ Partiya olaraq bu ağır günlərdə xalqımızla həmrək olduğumuzu bildirmək üçün kiçik də olsa bəzi ailələrə yardım etməyə çalışdıq. Azərbaycanda müxalifət partiyaları bübcədən maliyyələşmir. Ümumuyyətlə, müxalifət partiyaları hər zaman maliyyə məsələlərində xeyli problemlər yaşayır. Ancaq bütün bunlara baxmayaraq, partiya rəhbərliyinin və üzvlərinin ianələri sayəsində biz də nəsə etməyə çalışdıq. Əgər kiməsə 1 həftəlik də olsa, ərzaq yardımı edə bilmişiksə, bunun sevinci bizə kifayət edər. Əlbəttə, belə yardımları müxtəlif şirkətlər, ayrı-ayrı fərdlər də edir. Bu yardımlaşmanın təbliğatı və təqdimi məsələsində həssas yanaşma nümayiş etdirməliyik”. 

T.Abbaslının sözlərinə görə, yardımlaşmanı təbliğ edərək digərlərini də xeyir işlərə qoşulmağa təşviq etmək önəmlidir: 

“Ancaq bu təbliğat yardım edilən insanlarının şəxsiyyətini və qürurunu zədələmədən həyata keçirilməlidir. Odur ki, biz AĞ Partiya olaraq yardım paketlərinin fotolarını paylaşdıq və belə bir iş gördüyümüzü təbliğ etdik ki, digərlərinə də təşviq olsun. Ancaq yardımların təqdim olunduğu şəxsləri və onların evlərinin, ailələrinin, uşaqlarının fotolarını sosial şəbəkədə paylaşmadıq. Ümumiyyətlə, bununla bağlı foto və video çəkmədik. Düşünürəm ki, hər kəs bizim kimi etsəydi, belə məsələlər ortalığa çıxaraq müzakirə mövzusu olmazdı”.