“Lavrovun həll prinsiplərini ciddi qəbul etmək olmaz” – Şərh 

“Moskva bu prosesdə var olduğunu və ümumiyyətlə, prosesin davam etdiyini vurğulamağa çalışır”



Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli açıqlamalar verib. Moskvada Qorbaçov fondunda dəyirmi masada iştirak edən nazir danışıqlar masasında duran sənədlərə toxunub: “Qarabağ münaqişəsinin həllində Madrid prinsipləri, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, o cümlədən Kazan sənədi, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin 2019-cu ilin aprelində qəbul etdiyi ortaq sənəd var”. Lavrov həmin sənədlərin münaqişənin mərhələli yolla həllini nəzərdə tutduğunu əlavə edib:

“Münqaişənin həllində mərhələli həll nəzərdə tutulur. İlk mərhələdə ən aktual məsələlərin – Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. nəzərdə tutulur”. XİN rəhbəri indki atəşkəs rejimində tərəflərin sülh yolu ilə münaqişənin yekun həllinə nail olacaqlarını mümkün sayıb.

Lavrovun açıqlamalarını “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, Rusiya XİN başçısının fikirlərini və onun bəyan etdiyi həll prinsiplərini ciddi qəbul etmək lazım deyil. 
Sabiq nazir vurğulayıb ki, əgər sözügedən sənədlər ciddi olsaydı, münaqişə çoxdan həllini tapardı: 

“Məqsəd nədən ibarətdir, nəyə görə məhz indiki vaxt bu cür bəyanatlar gündəmə gətirilir? Əsas məsələ odur ki, artıq Rusiya ciddi böhran içindədir və bu böhranın nəticəsi olaraq, Moskvanın bu və ya digər istiqamətdə xarici siyasət fəallığı sıfır vəziyyətindədir. Pandemiya böhranından əvvəl də Lavrovun vurğuladığı sənədlər mövcud idi. Ancaq ötən müddət ərzində Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmadı. Bu cür bəyanatları gündəmə gətirməklə sadəcə bir fikir formalaşdırmaq məqsədi güdülür. Moskva bu prosesdə var olduğunu və ümumiyyətlə prosesin davam etdiyini vurğulamağa çalışır. Çünki son vaxtlar müəyyən fikirlər səslənir ki, Rusiya bu məsələlərdə aktiv rol oynaya bilmir və s. Məqsəq bu cür yanaşmaların qarşısını almaqdır. Yəni Lavrovun adını çəkdiyi sənədlərdə nəyinsə bizim xeyrimizə olduğunu söyləmək olmaz. Bunların hamısı boş şeylərdir. Əgər sənədlərin hansısa faydası olsaydı, çoxdan olardı”.