"Əhalinin  sosial rifahının qorunması prioritet məqsəddir" - Baş redaktor

"Hələ koronavirus pandemiya elan edilməzdən əvvəl, Çindən narahatlıq dolu xəbərlər gələndə Azərbaycanda müəyyən qabaqlayıcı tədbirlər görülməyə başlamışdı. Bu səbəbdən, şükürlər olsun ki, ölkəmizdə epidemiyanın yayılma səviyyəsi nəzarətdən çıxmadı".

Bu sözləri "Sherg.az"a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü tədbirlərdən danışarkən deyib.

Baş redaktor, həmçinin karantin rejiminin infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində əhəmiyyətini vurğulayıb:

 "Yoluxmaların daha çox xaricdən gələnlərdə aşkarlanması da bunun sübutudur.
Bununla belə, sərt karantin rejiminə keçmək qaçılmaz idi. Bir aydan artıqdır, davam edən karantin öz müsbət nəticəsini verib. Eyni zamanda, bütün dünyada olduğu kimi bizdə də iş yerlərinin karantin müddətində bağlanması insanların həyatına mənfi təsirini təbii şəkildə göstərdi və bir müddət də göstərəcək. Bununla paralel olaraq dövlətin əhalinin həm işsiz, aztəminatlı təbəqələrinin sosial müdafiəsi, həmçinin zərərə düşən sahibkarların, əmək müqaviləsi ilə çalışan vətəndaşların müdafiəsi böyük məbləğdə vəsaitlərin, müavinətlərin verilməsi çox önəmlidir".

A. Camal vətəndaşların sosial rifahının qorunmasının da hökumətin ən prioritet məqsədi olduğunu söyləyib:

 "Əlbəttə, bu cür sosial dəstəklər müəyyən dövr üçündür. Bir müddət sonra həyat ritmi tədricən qaydaya düşəndə həm pandemiyanın dünyada iqtisadiyyata vurduğu ölçüyəgəlməz zərərlər, eyni zamanda, neftin qiymətindəki kəskin ucuzlaşma növbəti dövr üçün özü ilə qlobal böhran, xüsusilə ərzaq təminatı, ərzaq təhlükəsizliyi məsələsini aktual edəcək. Bu baxımdan, diqqətdə olan məsələlərdən ən ümdəsi cari dövrdə əhalinin kəsintisiz zəruri qida təminatının yaradılmasıdır. Hazırda ölkədə bu sahədə işlər görülür. Əkin sahələrində ötən illərlə müqayisədə daha daha geniş və intensiv iş aparılır. Bu baxımdan, hesab edirəm ki, qarşıdakı dövrdə ərzaq tələbatının təminatlı şəkildə təşkili hökumətin ən böyük uğuru olacaq".