“İlham Əliyev hər bir vətəndaşın Prezidentidir" - Baş yazar


“Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı  hər addım bir daha dövlət-vətəndaş həmrəyliyini dünyaya nümayiş etdirdi”




“Dünya praktikasında  keçirilən sorğular, həmin ölkələrin inkişafına, tərəqqisinə müsbət təsirini göstərir. Ona görə ki, bu sorğular və hesabatlarda ölkə vətəndaşlarının həyata keçirilən siyasətə, Prezidentə dəstəklərinin  hansı səviyyədə olduğu açıqlanır, növbəti mərhələdə  qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha ciddi səylər göstərilir”. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası  (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib.

Baş redaktor qeyd edib ki, Azərbaycan daim  istər ölkə, istərsə də beynəlxalq səviyyəli sorğu mərkəzlərinin apardıqları sorğularda  öz liderliyini qoruyur:

“Bu günlərdə  Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələri bir daha  bu günümüzün reallıqlarını, ən əsası ölkə vətəndaşlarının cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Sorğunun nəticələrinə əsasən, vətəndaşlarımızın  94,5 faizi Prezident İlham Əliyevə inanır və etimad göstərir”.



V.Rəhimzadə bildirib ki, bütün ölkəni əhatə edən sorğunun nəticələri Azərbaycanın ayrı-ayrı  sahələrdə həyata keçirilən təkmil islahatlar nəticəsində qazandığı uğurların təqdimatıdır: 

“ “İnam indeksi”nin müəyyənləşdirilməsi ilə bağlı  keçirilən sorğunun nəticələrinin təhlili göstərir ki, prezidentin təkmil islahatları fonunda ölkəmizin  yeni-yeni hədəflərə doğru irəliləməsi və onlara yüksək səviyyədə nail olması ölkə ictimaiyyətində rəğbət hissini artırmaqla yanaşı, inam və etimadı möhkəmləndirir. Təkcə 2020-ci ilin ötən dövründə Azərbaycanın siyasi, iqtisadi, sosial, xarici siyasət sahəsində qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Virusun ölkələrin iqtisadiyyatında yaratdığı iqtisadi və sosial fəsadların aradan qaldırılması üçün birgə mübarizənin, əməkdaşlığın  gücləndirilməsinə böyük ehtiyacın olduğu indiki zamanda Azərbaycan özünün yeni iqtisadi və sosial paketi ilə bu çətinliklərin  aradan qaldırılması istiqamətində  müsbət nəticələrə nail olur. Ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev  iqtisadiyyatın şaxələndirilməsi  siyasətini uğurla həyata keçirir, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunur, işsiz və  xüsusi  karantin dövründə müvəqqəti işsiz qalan  vətəndaşlara  yardımların verilməsi təmin edilir.  Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, cənab İlham Əliyevin hər bir vətəndaşın Prezidenti olduğu  təsdiqlənir”.
 
Baş redaktor bildirib ki,  iqtisadi müstəqillik siyasi müstəqilliyin əsası kimi bu gün də  öz aktuallığını qoruyur: 

“Azərbaycanın həm daxildə, həm də beynəlxalq müstəvidə həmrəyliyin, birliyin  gücləndirilməsi istiqamətində atdığı addımlar  təqdir olunur. Pandemiyanın, eləcə də qlobal neft böhranının dərinləşdiyi bir dövrdə  ölkədə reallaşdırılan  genişmiqyaslı  işlər  vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Respondentlərin  dəstək əmsalı 87, 8 faizdir. Bir statistika da açıqlanır ki,  respondentlərin böyük əksəriyyəti, daha dəqiq desək,  93 faizi dövlətin  koronavirusla  bağlı ilkin mərhələdə həyata keçirdiyi  tədbirləri müsbət dəyərləndirir. Azərbaycan dövlətinin pademiyaya qarşı mübarizəyə  başladığı gündən  həyata keçirilən tədbirlərin xronologiyasına diqqət yetirdikdə  istər insanların sağlamlığının təminatı, istərsə də iqtisadi və sosial fəsadların aradan qaldırılması istiqamətində görülən tədbirlərin kompleks xarakter daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Məqsəd təbii ki, sağlamlığın qorunması, yüksək rifahın  təmin edilməsi, iqtisadi tərəqqinin davamlılığını şərtləndirən bazanın möhkəmləndirilməsidir”. 

 V.Rəhimzadə qeyd edib  ki, xalqımız cənab Prezidentin ətrafında sıx birləşir, həyata keçirilən siyasəti dəstəkləyərək gələcəyə doğru inamla addımlayır:

“Pandemiya dövründə Azərbaycan hakimiyyətinin atdığı  hər addım bir daha dövlət-vətəndaş birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi, ölkəmizdə  vətəndaş məmnunluğunun artmasına öz müsbət təsirini göstərdi”.