“Dövlət əhalinin sosial təminatını daha da gücləndirib”

“Bütün bunlar Prezidentin yüksək xarakterindən, dövləti idarəetmə fəlsəfəsindən irəli gəlir”



“Dünya ölkələrinin əksəriyyətində koronavirusla mübarizə şəraitində ciddi ixtisarların getdiyini, sosial qayğıya ehiyacı olanların diqqətdən kənarda qaldığını müşahidə edirik”. 

Bunu “Sherg.az”a Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. 

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan dövləti dünyada baş verənlərin əksinə əhalinin sosial təminatını daha da gücləndirib: 

“İlk mərhələdə 200 min işsiz və aztəminatlı ailəyə 190 manat məbləğində iki ay müavinət verilməsi nəzərdə tutulurdu. Ancaq daha sonra cənab Prezident bu sayı 600 minə qaldırdı. Bu da 600 min ailə deməkdir və olduqca böyük rəqəmdir. Bundan başqa müxtəlif dövlət qurumları, nazirliklər, Heydər Əliyev Fondu və böyük şirkətlər aztəminatlı ailələrə ərzaq sovqatı paylayırlar. Bu da böyük mənada karantin rejimindən əziyyət çəkən ailələrə, ahıl insanlara, maddi imkanları aşağı olan şəxslərə böyük dəstəkdir. Düşünürəm ki, koronavirusla mübarizədə artıq son mərhələyə yaxınlaşırıq. Azərbaycan çox uğurla bu pandemiyaya qarşı mübarizə aparmaqdadır. Statistika göstərir ki, gündən-günə ölkəmizdə bu virusun yayılma tendensiyası aşağı düşür. Yaxın həftələrdə bu virus Azərbaycanda tamamilə yox olacaq və əsas diqqət postkoronavirus dövründə dövlətin atacağı addımlara yönələcək”. 



Ə.Şahidovun sözlərinə görə, atılan addımlar sadəcə indiki qısa dönəmi əhatə etmir, pandemiyadan sonrakı günlərdə də dövlət dəstəyi davam edəcək:

“Cənab Prezidentin müşavirədə və nazirləri qəbul edərkən söylədiklərindən belə nəticəyə gəlmək olar ki, virusdan sonrakı mərhələdə də Azərbaycanda sosial təminat məsələsi hökumətin diqqət mərkəzində olacaq. Eyni zamanda aztəminatlı ailələrə, işsizlərə, maddi durumu zəif olan şəxslərə diqqət davam etdiriləcək. Mühüm məqamlardan biri də odur ki, dünya birjalarında neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan dövləti öz iqtisadi müvazinətini qətiyyən itirmir. Dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan və digər rezerv fondlardan maksimum yararlanaraq, əhalinin sosial təminatı üçün bütün addımlar atılır. Bütün bunlar dövlətin və ölkə rəhbərinin sosialyönümlü siyasət yeritməsindən xəbər verir. Bir çox ölkələrdə, xüsusən neft hasil edən ölkələrdə vəziyyətin gərginləşdiyini görürük. Bizim dövlətimiz isə bütün problemlərə rəğmən ard-arda əhalinin sosial təminatına yönəlik qərarlar verir. Düşünürəm ki, bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin yüksək xarakterindən, dövləti idarəetmə fəlsəfəsindən irəli gəlir. Ulu öndər Heydər Əliyevin dediyi kimi “dövlət xalq üçün olmalıdır” prinsipini biz bariz şəkildə görürük”.