“Azərbaycanda sosial layihələr prioritet təşkil edir”


“İş yerlərinin və əməkhaqqılarının qorunması bu gün ən ümdə vəzifədir” 




Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. 

Bu siyasət çərçivəsində dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər görülüb.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili Siyasətin Təhlili Departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov  koronavirus pandemiyası dövründə ölkəmizdə sosial sahədə görülən işlərin prioritet təşkil etdiyini deyib.  Onun sözlərinə görə, iş yerlərinin və əməkhaqqılarının qorunması bu gün ən ümdə vəzifədir: 

“Bu sahədə genişmiqyaslı işlər aparılır, müxtəlif qabaqlayıcı addımlar atılır. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün mühüm işlər görülüb. Həmçinin elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Bu işlərin əhatə dairəsinə nəzər salanda görürük ki, 1 milyon 629 min işçi (o cümlədən, dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min) dövlət qayğısını öz üzərində hiss edib. 
 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək verilir. Əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə də məqsədyönlü addımlar atılıb. Pandemiya dövründə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb.

Bu məqsədlə 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxsin işə cəlb edilməsi təmin edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərlə bağlı deyə bilərik ki, ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək.  Aprelin 9 -dan etibarən ödənişlər bank filiallarına və poçt şöbələrinə köçürülür. May ayının ödənişləri üçün  də bank hesabı açmaq tələb olunur”.

İ.Hüseynovun dediyinə görə,  növbəti mərhələdə isə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq:

“Bundan əlavə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. 

12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Eyni zamanda yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır”.

Politoloq onu da əlavə edib ki, sosial sahədə görülən bütün tədbirləri Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikirlərinin bariz təzahürüdür:

“Digər önəmli məqam  əhaliyə güzəştli enerji limitinin aprel-may aylarında 100 kilovatsaat həcmində artırılmasıdır. Bu məqsədlər üçün tələb olunan vəsait 10 milyon manat təşkil edib. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Bu məqsədlər üçün isə tələb olunan vəsait 40 milyon manat olub”.