"Aptek rəhbərliyi fiziki şəxsdən dərman almamalıdır!"- Məsuliyyətə cəlb oluna bilərsiniz


Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” bu fürsətdən istifadə edirlər.  Onlar saxta və insan orqanizmi üçün olduqca təhlükəli spirti satışa çıxarırlar. 

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq, üzərinə “Tibbi spirt 95%” sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Ancaq ataların dediyi kimi, sonrakı peşmanlıq fayda vermir. Allah bilir, nə qədər insan həmin saxta spirtlərdən zəhərlənib. Hətta, ola bilsin, həyatını itirənlər də var.

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında deyib ki, həmin şəxslər haqqında qanunauyğun şəkildə tədbirlər görülməlidir:

"Apteklərdə satılan tibbi ləvazimatlar, o cümlədən dərmanlar ancaq xüsusi depolardan, firmalardan alınmalıdır. Ümumiyyətlə dərman satışı zamanı rəsmi lisenziyaya ehtiyac var. Aptek rəhbərliyi fiziki şəxsdən dərman almamalıdır! Əgər belə hal olarsa, hər iki tərəf məsuliyyətə cəlb edilməlidir. İnsanların sağlamlıqları ilə oynamaq, pula görə əhalinin həyatını təhlükəyə atmaq olmaz".