“Prezidentin yürütdüyü siyasətin mərkəzində xalqın rifahı dayanır”

“Cənab Prezident xalqın rifahını düşünən və ən çətin dövrdə belə idarəetməni mükəmməl icra edən bir liderdir”



“Pandemiya dövründə dövlət tərəfindən atılan addımları, görülən tədbirləri çox yüksək qiymətləndirirəm”. 

Bunu “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP rəsmisi bəyan edib ki, cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində xalqın sosial rifahı dayanır: 

“Dövlət başçısı özü də vurğuladı ki, hökumət iki seçim qarşısında qalmışdı. Ya iqtisadiyyatımızı düşünməliydik, ya da insanların sağlamlığını və sosial rifahını. Əlbəttə ki, dövlət başçısı üçün öz xalqının sağlamlığı hər məsələdən, istənilən iqtisadi fəallıqdan daha vacibdir. Dövlət başçısı İlham Əliyev hər zaman bu prinsipi özü üçün həyat devizi edib. Dünya ölkələrinin təşvişə düşdüyü və iqtisadi böhran yaşandığı bir vaxtda cənab Prezident sözü ilə əməlinin bir olduğunu növbəti dəfə təsdiqlədi. Ölkə rəhbəri bu addımları atarkən ölkənin iqtisadi sıxıntısını və maddi çətinliklərini ikini plana qoydu və gecikmədən vaxtında qərarlar verdi. Dövlətimiz xalqın həyat şəraitinin normal davam etməsi üçün bütün xərcləri üzərinə aldı. Nəzərə alındı ki, insanlar arasında günəmuzd işləyən, minimum əmək haqqına çalışanlar var. Bunun hamısının yükünü cənab Prezident öz üzərinə götürdü və kifayət qədər böyük məbləğdə vəsait ayırdı. İqtisadi potensialımızın yüksək olması dəfələrlə vurğulanırdı. Pandemiya ilə mübarizə dövründə bunu real formada gördük”. 

S.Orucov vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman düzgün iqtisadi siyasət yeridib: 

“Azərbaycanın ehtiyat vəsaiti həmişə olub. İstər büdcə vəsaiti, istərsə də digər fondlar hesabına ehtiyatımızı saxlamışıq. Əgər ehtiyat vəsaitimiz olmasaydı, indiki dönəmdə bu qədər sosial layihələri həyata keçirmək mümkün olmazdı. Bu da onu göstərir ki, dövlət başçısının yürütdüyü siyasət çox düzgündür. Cənab Prezident xalqın rifahını düşünən və ən çətin dövrdə belə idarəetməni mükəmməl icra edən bir liderdir. Bir çox inkişaf etmiş ölkələr, özünü dünyanın “hegemon gücləri” kimi təqdim edən dövlətlər pandemiya qarşısında aciz qaldılar. Onların iddialarının sabun köpüyü olduğu üzə çıxdı. Amma Azərbaycan dünyada koronavirusa qarşı uğurlu mübarizə aparan 5 dövlətdən biri oldu. Məhz buna görə də biz minimum itkilərlə bu problemdən çıxacağıq. Çünki biz birlikdə güclüyük”.