Ermənistan üçün şans limiti bitib:“Ərazilərimizin boşaldılması tələb olunmalıdır”

Məhəmməd Əsədullazadə: “Danışıqların yeni mərhələsi başlamalı və bu, həlledici olmalıdır”

“Azərbaycan belə mənasız danışqlara dözüm göstərməməli, hərbi təzyiqləri işə salmalıdır”



Aprelin 21-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib. Görüş zamanı tərəflər qlobal “Covid-19” pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər. Tərəflər təmasları saxlamağı və danışıqları qısa zamanda davam etdirməyi razılaşdırıblar. 



Nazirlərin görüşünü “Sherg.az”a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarından sonra bu, ilk təmasdır və Rusiyanın təklifi ilə reallaşdırılıb.

Politoloq bəyan edib ki, pandemiyaya görə, danışıqları yubatmaq olmazdı: 

“Bir müddət əvvəl danışıqların viodeokonfransla keçirilməsi təklifini irəli sürmüşdüm. İndiki vaxtda Moskva çalışır ki, cəbhədə və sərhəddə atəşkəs qorunub saxlanılsın. Ermənistan tərəfi sərhəddə təxribatlar etdikdən və Dağlıq Qarabağda qanunsuz “seçki” keçirdikdən sonra danışıqlar masasına gəldi. Paşinyan iqtidarı Ermənistan daxilində “Qarabağ klanı”nı zəiflətmək və Qarabağda öz adamlarını “rəhbərliyə” gətirib proseslərə tam nəzarət etmək üçün şans qazanmışdı. Hazırda Erənistan üçün şans limiti bitib. Azərbaycan qəti şəkildə Ermənistandan ərazilərin boşladılmasını tələb etməlidir. Çünki Paşinyan yenidən separtçıların “tərəf” kimi danışıqlarda yer alması məsələsini qaldırır. Qarabağdakı separtçıların rəhbəri heç bir əhəmiyyətli siyasi statusa malik deyil. Azərbaycan üçün onlar Qarabağın erməni icmasıdır və müstəqil tərəf kimi danışıqlarda iştirakları mümkün deyil”.

Analitik hesab edir ki, Paşinyan “Qarabağ klanı”nı əhəmiyyətli şəkildə zəiflədib: 

“Hazırkı mərhələdə Paşinyan üçün ən məqbul yol danışıqlarda ciddi kompromisə getməkdir. Lakin ABŞ və Avropa Birliyini təmsil edən Fransa Ermənistana ciddi təzyiq etməlidir. Əks halda diplomatik danışıqlarda nəticə olmayacaq. Regonda sülhün əldə edilməsi ABŞ və Avropa Birliyinin maraqlarına cavab verir. Digər formada aparılan bütün danışıqlar sadəcə status-kvonun qorunmasına hesablanacaq. Danışıqların yeni mərhələsi başlamalı və bu, həlledici olmalıdır. Danışıqlar, yalnız real həllə söykənməlidir. Rusiya yenidən Kazan formulunu masaya gətirib. Əgər Paşinyan bu məsələdə Rusiya ilə koordinasiyalı çalışsa, əraziləri danışıqlar yolu ilə boşaltmayacaq və vaxtı uzadacaq. Azərbaycan belə mənasız danışqlara dözüm göstərməməli, hərbi təzyiqləri işə salmalıdır. İndiki videokonfrans formatlı danışıq yalnız atəşəkəsə əməl edilməsinə və insidentlərdən çəkinməyə hesablanıb”.