“Dövlətimizin addımları bir çox ölkə üçün nümunə olacaq” – Professor


“Bu tədbirlər həm də istehsal, xidmətlər və ticarət sferalarının maliyyə qaynaqlarının yaxşılaşmasına birbaşa təsir göstərəcək” 




“Həyata keçirilən tədbirlər ölkə ictimaiyyətinin iqtisadi maraqlarının qorunması, sosial-psixoloji durumun peşəkarcasına dəyərləndirilməsi, ayrı-ayrı sosial qrupların maddi-mənəvi ehtiyaclarının nəzərə alınması istiqamətində ən hummanist və iqtisadi uzaqgörənliyə hədəflənmiş addımlardır”.  

Bunu “Sherg.az”a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Vahid Abbasov deyib.

Professor bildirib ki, pandemiyanın yaratdığı fövqalədə vəziyyət şəraitində dövlət başçısı cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı atılan ciddi addımlar və həyata keçirilən tədbirlər olduqca mühümdür: 

“Bunlar sübut edir ki, burada əsas məqsəd makroiqtisadi vəziyyətin sabitliyi nəzərə alınaraq, ölkənin malik olduğu bütün maddi-mənəvi və maliyyə potensialının, ilk növbədə bu potensialın daşıyıcısı olan sahibkarlıq subyektlərinin, iqtisadi çətinliyə məruz qalmış sosial-əhali qruplarının itkilərdən maksimum qorunmasına nail olmaqdır. Sosial təminata ehtiyacı olan əhali qrupları üçün qısa zamanda reallaşdırılan maliyyə yardımlarının operativ həyata keçirilməsi, sosial yardım alanların əhatəsinin 200 min nəfərdən 600 minə çatdırılması, yeni ictimai iş yerlərinin 90 minə çatdırılması, ümumi yardım paketinin 3,5 milyard manata qaldırılması, tələbələrin təhsil haqqının ödənməsi və s. addımlar bir çox ölkələr üçün nümunə olacaq səviyyədədir. Mövcud iqtisadi problemlərə rəğmən, həyata keçiriləcək sosial yardımların qətiyyətliliyi dövlətin və hökumətin milli inkişaf proqramlarında nəzərdə tutulmuş sosial layihələrin reallaşmasına heç bir şübhə yaratmadan icra olunacağına dair əminliklə söylədiyi möhkəm iradənin nümayişidir”. 

V.Abbasov bildirib ki, dövlətin həyata keçirdiyi bu tədbirlər birtərəfli qaydada ayrı-ayrı fərdi qrupların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, həm də istehsal, xidmətlər və ticarət sferalarının maliyyə qaynaqlarının yaxşılaşmasına da birbaşa təsir göstərəcək: 

“Fəaliyyətini müvəqqəti dayandıran məşğul əhaliyə, özünüməşğulluq sahələrində çalışan insanlara yönəldilən birbaşa ödəmələr bazarda istehlak tələbinin stimullaşdırılmasına da təsir göstərəcək. Bununla yanaşı, istehlak əmtəələri və xidmətlər təklif edən bütün sahibkarlıq subyektlərinin iqtisadi imkanlarının, ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına, orada çalışan əməkdaşların, o cümlədən ödənişli əsaslarla təhsil alan orta ixtisas və ali təhsil məktəblərində çalışan müəllimlərin əmək haqqının stabil şəkildə davamlı olaraq ödənilməsinə şərait yaradacaq. Bütün qeyd olunanlar iqtisadiyyatımızın ən böyük ixrac potensialına çevrilən neftin dünya bazarında ucuzlaşdığı indiki şəraitdə baş verir. Milli valyutamız manatın kursunun dəyişməsinə dair pessimist mülahizələr yürütmək, belə məsuliyyətli bir dövrdə ölkə əhalisi arasında birliyə və həmrəyliyə qarşı çağırışlar etmək, ictimai rəyi çaşdırmaq, panika yaratmaq cəhdləri vəziyyətə obyekiv qiymət vermək bacarığının olmamasından irəli gəlir. Bəzən isə məqsədli şəkildə iqtisadi uğurlarımıza ləkə yaxmaq istəyən quvvələrə cavab olaraq, dövlətimizin praktiki və siyasi iradəsinin əməli şəkildə reallaşdırılma ənənəsinin ortaya qoyulması kimi dəyərləndirilməlidir”.