“İcra başçısının töhmət alması digərlərinə dərs olacaq” - Qanun şahdır 

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla icra başçısı Nahid Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib. Məlumat üçün deyək ki, gənc icra başçısı bu ilin martın ayının əvvəlində Prezidentin sərəncamı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 

Yeni və gənc icra başçısının karantin rejimini pozması səbəbindən töhmət almasını “Sherg.az”a dəyərləndirən AVCİYA-nın eksperti, tarixçi-alim Məhərrəm Zülfüqarlı bildirib ki, bəzi icra başçıları son dövrlərdə özlərini mütləq hakim kimi aparırdılar. 
Onun sözlərinə görə, icra başçıları 1999-cu ildə yaranmış bələdiyyələrə öz səlahiyyətlərindən istifadə etmək imkanı verməyiblər: 

“İcra başçıları düşünürdü ki, əgər yerlərdə bələdiyyələrin səlahiyyəti olsa, “ikihakimiyyətlik” yaranacaq. Ona görə də “mütləq hakim” kimi rayonda hər şeyi mənimsəyirdilər. Hesab edirdirlər ki, qanunlar onlar üçün yox, xalq üçündür. Özlərini qanunlardan yuxarıda görürdülər.



Amma Prezident İlham Əliyevin icra başçıları ilə bağlı qərarları, bəzi həbslər, cavan kadrların yeni təyinatı zamanı onlara xüsusi göstərişlər verməsi sübut etdi ki, dövlət başçısı bu sahədə olan problemləri qəti surətdə aradan qaldırmağın tərəfdarıdır. Ölkə rəhbəri siyasi iradə nümayiş etdirir. Prezident gəncləri qəbul edərkən onlara bildirmişdi ki, kim qanunsuz hərəkət edərsə, dərhal cəzalandırılacaq.

İcra başçıları Prezidentin xəbərdarlığına ciddi yanaşmalıdır. Bir icra başçısının cəzalandırılması digərlərinə ibrət olmalıdır. Ölkə qanunlarına ilk növbədə icra başçıları əməl etməlidirlər və əhaliyə nümunə olmalıdırlar.
Hesab edirəm ki, karantin dövründə icra başçısının töhmət alması digərlərinə dərs olacaq və gələcəkdə belə addım atmaqdan çəkindirəcək”.