“Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir”- Professor 

“Ermənistan sülh istəmir, ancaq vaxtaşırı danışıqlar adı ilə immitasiya ilə məşğuldur”

“Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir”. 

Bunu “Sherg.az”a Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib. 

Professor bildirib ki, məqsəd danışıqlar prosesini pozmaq və işğalçılıq siyasətini davam etdirməkdir: 

“XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri  də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkilər"inin keçirməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa parlamenti, İƏT, GUAM və s.) və dövlətlər tətəfindən qanunazidd hərəkət kimi qiymətləndirilmiş və tanınmamışdır. Dövlət başçısı diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”. 

Siyasi elmlər doktoru vurğulayıb ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağı “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır: 

“Amma 2016-cı ilin aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunmuşdur. Ona görə də, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.
Həmçinin, qeyd etmək vacibdir ki, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağ¬lıq Qaraba¬ğın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi qəbul edilmişdir. Yəni, bu beynəlxalq formatdır.  Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayarq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli gorüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur – E.Ə).  Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir”. 

E.Əhmədovun sözlərinə görə, Ermənistanın iddialarına gəldikdə isə, Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridir: 

“Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq, habelə beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Ermənistanın stats-kvonu qoruyub saxlamaq siyasətinin başqa bir nümunəsi bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masanın gedişində qeyd edib ki, Madrid prinsipləri, Rusiya tərəfindən 2010-2011-ci illərdə hazırlanan, Kazan sənədi adlandırılan sənədlər mövcuddur.  Onun sozlərinə gorə, elə layihələr vardır ki, 2019-cu ilin aprelində, Rusiya, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin həmsədrlərin iştirakı ilə Moskva görüşündə açıqlanıb və hazırda onlar fəal şəkildə müzakirə edilir və bu sənədlərdə münaqişənin nizamlanmasına mərhələli yanaşma əsasında yaxınlaşmaq, birinci mərhələdə daha aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafında bəzi rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması nəzərdə tutulur. Rusiya Xarici İşlər naziri əminliklə bildirib ki, bu sənədlərin imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında mühüm addım ola bilər. Rusiyanın Xarici İşlər nazirinin bu açıqlamasının ardınca  Ermənistan Xarici İşlər naziri buna cavab olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini naziri bildirərək, hətta Ağdam rayonunu “təhlükəsizlik zolağı” olaraq elan edib,   eləcə də indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri inkar edib”.

E.Əhmədov vurğulayıb ki, artıq tam aydındır ki, Ermənistan sülh istəmir, ancaq vaxtaşırı danışıqlar adı ilə immitasiya ilə məşğuldur: 

“Ermənistan Xarici İşlər naziriin verdiyi cavab, yəni heç bir güzəştdən söhbət gedə bilməz ifadəsi buna sübutdur. Ermənistan rəsmilərinin belə mövqeyi onu təsdiq edir ki, vaxt uzatmaq taktikası ilə hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərinin anneksiyasına nail olmağa israrla cəhd göstərir.  Ermənistan rəsmilərinin məsuliyyətsiz və təcavüzkar siyasətin davam etməsində vasitəçilərin də yaxasını kənara çəkmək haqqı yoxdur. Çünki, onlar tərəfsiz vasitəçilik üçün beynəlxalq öhdəlik götürüblər. Ona görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən, eləcə də hər cəfəng fikirlər ATƏT-in Minsk qrupunun ciddi qınaq obyektinə çevrilməlidir. Lakin həmsədrlərin ənənəvi bəyanatları da elə status-kvonu quruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir. 
Onu da qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsərləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bil¬dirilir. Lakin, tərəfsiz vasitəçilik missiyasını  üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri  münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bəzən münaqişə tərəflərinin öz aralarında razılıga gəlməsi fikrləri səsləndirilir. Sual doğurur, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi? Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna ona olan ümidləri də heçə endirir. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söylədiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”. 27 il əvvəl – aprelin 30-da BMT TŞ-nin 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair ilk 822 saylı qətnamə qəbul edildi. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb olunurdu. 1993-cü il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sonrakı 853, 874 və 884 saylı (Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə əlaqədar) qətnamələrində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin qəbul edilmiş sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistan Respublikasının açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
Bu baxımdan, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır. Ona görə də beynəlxalq birlik münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında Ermənistanı sülhə məcbur etməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə ona təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.