FACİƏ ! - Bunu nə ana istəyərdi, nə də ata... 

  “Müntəzəm təkrarlansa, qəbiristanlıqların çəpərə alınmasını təklif etmək olar”





Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb. Hadisə nəticəsində uşaq yerindəcə ölüb. Olay rayonun Şıxlar kəndində baş verib.
Doqquz yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb. 
Polis və prokurorluq əməkdaşları  hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Bəs uşağın böyüklərin belə, bəzən getməyə cəsarət etmədiyi həmin yerdə nə işi var idi? Oynamağa başqa yer yoxdur?



Faciəvi hadisə ilə əlaqədar "Sherg.az"a danışan "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bunu şəhər mühiti və kənd şəraiti arasında fərqlərin olması ilə əlaqələndirdi: 

"Kənd yeri başqadır. Uşaqlar daha sərbəst olurlar. Birmənalı şəkildə valideyni ittiham etmək düzgün olmaz. Əlbəttə, bunu nə ana istəyərdi, nə ata. Heç kimə sirr deyil ki, uşaqlar, xüsusilə, oğlanlar elə yerlərdə oyunlar oynamağı sevirlər. Belə hadisələr nadir hallarda yaşanır. Əgər müntəzəm təkrarlansa, qəbiristanlıqların çəpərə alınmasını təklif etmək olar. Qeyd edim  ki, qəbir daşlarının təmir olunmaması da ayrıca problemdir. Bu məsələlər diqqət tələb edir".