"Yeni Müvəkkil ölkə başçısı tərəfindən aparılan islahatların ön sıralarında gedəcək" – ZAHİD ORUC


“İllik məruzə Ombudsmanın vəzifələrini necə həyata keçirdiyini və ölkədə insan hüquqlarının gerçək vəziyyətini müəyyənləşdirməyə imkan verir”. 
"Sherg.az" xəbər verir ki, bunu parlamentin plenar iclasında Ombudsmanın hesabatı zamanı Komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, hörmətli Səbinə xanım Əliyeva tərəfindən Milli Məclisə təqdim olunan Məruzədə Müvəkkil tərəfindən ötən ildə görülən işlər, dövlət orqanlarına ünvanlanan məktub və müraciətlər, eləcə də müxtəlif daxili və beynəlxalq görüşlər özünün əksini tapıb:
“Burada vətəndaşların hüquqlarının pozulmasına dair aşkar edilmiş faktlara hüququ münasibət, dövlət-hökumət orqanlarının fəaliyyətindəki uğurlarla yanaşı, yolverilən səhvlər, pozuntular, qanunvericilikdəki boşluqlara da geniş yer verilib. Lakin biz məruzəni qiymətləndirərkən nəzərə almalıyıq ki, Yeni Ombudsman faktiki olaraq səlahiyyətlərinə ötən ilin sonunda-dekabrda başlayıb, belə olan təqdirdə apardığımız təhlilləri və təklifləri ümumi vəziyyətə, eləcə də yaşadığımız cari ildə hakimiyyətin bütün qolları və Müvəkkil institutu ilə birgə fəaliyyətə yönəltməyi daha faydalı hesab edirik.
Azərbaycanda Müvəkkilin mühüm vəzifələri mövcuddur, çünki səlahiyyətləri xüsusi Konstitusiya qanunu ilə müəyyənləşir.Ali qanunumuzda deyilir ki, Müvəkkil institutu dövlət və bələdiyyə orqanları, eləcə də vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulan hüquq və azadlıqlarının bərpası məqsədilə yaradılan müstəqil qurumdur. Konstitusiya Qanunun 14.2-ci maddəsinə əsasən Müvəkkil “İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adlarını çəksin və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat versin”!
Millət vəkili daha sonra bildirib ki,  2019-cu il ölkəmizin həyatına mühüm dəyşikliklər ili kimi daxil olmuşdur.  Bu baxımıdan dövlət başçısı cənab İlham Əliyev təkcə kadr və sturkutur islahatları, məmur özbaşınalıqlarına qarşı sərt intusional və siyas tədbirləri deyil, eləcə də vətəndaş aktivliyinin artırılması, dövlət hakimiyyəti oqranlarının fəaliyyətinə daimi nəzarət çağırışlarının intensivliyinin artması və onun verdiyi müsbət nəticələr, bir sözlə prezidentin yeni hakimiyyət quruculuğu siyasəti bir məramı özündə əks etdirir: HAMI QANUN QARŞISINDA BƏRABƏR olmalıdır:

“Ona görə 2019-cu il dövlətin insan hüquq və azadlıqlarını təmin etmək sahəsindəki fəaliyyəti əvvəlki dövrlərdən öz miqyasına görə fərqlənir. Müvəkkilin məruzəsi ötən ildə dövlət tərəfindən müxtəlif sahələrdə- vətəndaşların azadlıq, şərəf və ləyaqətin təminatı, informasiya əldə etmək, vicdan azadlığı və digər fundamental hüquqlar sahəsində görülən işləri özündə əks etdirir, lakin həllini gözləyən müxtəlif problemləri də üzə çıxarır! Məsələn, sənədin 9-cu səhifədə-xüsusi bölmədə göstərilir ki, şərəf və ləyaqətin müdafiəsi hüququnun vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınması insanlarda hüququn aliliyinə və ədalətə olan inamın artmasına, dövlət orqanlarına etimadın yüksəlməsinə səbəb olur! Bu gerçəkdən də belədir. İctimai rəyi öyrənən Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi məsuliyyətlə deyə bilərik ki, ötən ilin sentyabrında keçirdiyimiz sosioloji sorğular zamanı respublika prezidentdən başqa digər hakimiyyət orqanlarına münasibətin yüksək olmadığına şahid idik. Xüsusilə icra hakimiyyətləri və məhkəmə sisteminə münasibətdə problemlər özünü qabarıq göstərirdi. Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev dəflərlə xəbərdarlıqlarından sonra 16 mart 2020-ci il tarixli çıxışında deyirdi: “Əgər kimsə, yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur.Hər kəs bərabərdir. Heç bir toxunulmaz məmur yoxdur. Hər kəs mükafatını da, cəzasını da öz əməlinə görə alacaqdır”. İcra hakimiyyəti rəhbərlərinin qanunsuz əməllərinə qarşı sərt tədbirlər və yeniləşmə bu sahədə müsbət dinamikaya səbəb oldu”.
“Məruzənin hüquq və azadlıqlar bölməsində göstərilir ki, vətəndaş müraicətlərində məhkəmə qərarlarından narazılıq, işlərə obyektiv baxılmaması, məhkəmədə işə baxılma saatı və yeri haqda proses iştirakçılarına bildirişin göndərilməməsi və gec göndərilməsi, son nəticədə ölkə rəhbərinin 3 aprel 2019-cu ildə “Məhkəmə sistemində islahatların dərinləşdirlməsi haqqında” xüsusi fərmanına səbəb olub və Ombudsman bu qərarı rəğbətlə qarşılayır, onun hüquqi islahatlara xüsusi sürət və məzmun verəcəyinə inamla yanaşır”.- deyə, o bildirib ki,  Müvəkkilin illik məruzəsində eləcə də “saglamlığın qorunması” ilə baglı bölmədə(29-cu səhifə) qeyd olunur ki,əlilliyin təyin edilməsi və qiymətləndirilməsində bir çox hallarda tibb müəssisələrinin göndərişləri (forma 88) qərəzli olaraq, yaxud qeyri-peşəkarlıq və laqeyd münasibət nəticəsində bir çox hallarda vətəndaşlara əlillik təyinatının aparılmasına mane olur.

Daha sonra Z. Oruc bildirib ki, məruzədə, vətəndaşların təhsil hüququ ilə bağlı, “uşaqlar üçün ərazi üzrə ən yaxın məktəbi seçmək” tələbi də problem doğuran, uşaq və valideynlərin narazılığına səbəb olan məqam kimi öz əksini tapıb:

“Eləcə də Tibb Universitetinin 4-cü kurs hərbi tibb fakültəsinin bir qism tələbələrinin hüquqlarının bərpası istiqamətində Müvəkkilin çağırışı da Milli Məclis üzvlərinin diqqət mərkəzində saxlanması vacib məsələlərdən sayıla bilər.
Bundan başqa, vətəndaşların mənzil hüququnun təminatına dair narahatlıqların Məruzədə yer alması təqdirəlayiqdir. Belə ki, bu Bakı və digər şəhərlərdə insanların tikililər üzərində hüquqlarını rəsmiləşdirə bilməməsinin yaratdığı sosial, vətəndaşlıq, yaşayış yeri üzrə qeydiyyat sahəsində hüquqpozmalara səbəb olur və bu son dərəcə vacib siqnaldır. Biz inanırıq ki, aparılan islahatlar, dövlət əmlakı və qeydiyyatı sahəsində İqtisadiyyat Nazirliyi yeni səlahiyyətlıri çərçivəsində əmlak və mülkiyyət aktlarının bütün vətəndaşlara verilməsində “ASAN xidmət ” modelini tətbiq etməyə nail olacaqdır”.
Çıxışın davamı kimi millət vəkili qeyd edib ki, Müvəkkil İnstitutunun rəhbərliyində aparılan dəyişiklik insan hüquqları sahəsində yeni keyfiyyət dəyişikliyinə nail olmağa, dövlət, eləcə də qeyri-hökumət, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri gücləndirməyə, insan haqları mövzusunu siyasiləşdirərək onu istismar edənlərə qarşı təsirli, koordinasiyalı və ünvanlı mübarizə aparmağa imkan yaradacaqdır:
“Biz ümidvarıq ki, Yeni Müvəkkil ölkə başçısı tərəfindən aparılan islahatların ön sıralarında gedəcək. Ombudsman İnstitunun sosial şəbəkələrdə ayrıca hesabının yaradılması, eləcə də İnformasiya Müvəkkilliyi sahəsində ayrıca hesabat və məruzələri ictimaiyyətə təqdim olunması da onun sambalını daha artıracaqdır. Xüsusi məruzələr praktikasına söykənərək ölkəmizdə hüquq müdafiə təşkilatlarının fəaliyyətinə geniş yer veriləcəyinə, parlamentlə birgə araşdırmalar və sorgular aparılcağına inanırıq. Gəncə,Tərtər və s.işlərin adı altında ölkəmiz əleyhinə aparılan fəaliyyətlərə qiymət vermək, alternativ hesabatlar hazırlamaq da qarşıda duran ən mühüm vəzifələrdəndir. İnsan Hüquqları komitəsi bu yöndə tərəfdaşlardan biri olmağa hazırdır”.