“Koronaya abidənin ucaldılması təklifi dəstəklənmədi: “Məsələ abidədə deyil...”


“...Şəxsiyyətin özündədir. Laqeyd adam üçün isə evinin qabağında heykəl ucaltsan da xeyiri yoxdur”



Azərbaycan media mühitində özünün xüsusi dəsti- xətti olan " Modern. az" saytı maraqlı ideya ilə çıxış edib. Adı çəkilən xəbər portalı bir az da mübaliğə ilə desək, dünyanın altını üstünə çevirən koronavirusa abidə ucaltmağı təklif edib. Məqsəd isə gələcəkdə də bu çətin günləri unutmamaq, necə böyük bəla ilə mübarizə apardığımızı xatırlamaqdır. "...Elə buna görə də unutmamaq üçün, əslində nə ilə mübarizə apardığımızı yaddan çıxarmamaq üçün və bəlkə də xəstəlik üzərində ən böyük qələbəmizi həmişə xatırlamaq üçün koronavirusa heykəl qoyulması yaxşı olmazdımı?".



  Təklifi "Sherg.az"a dəyərləndirən həkim Şəmsiyyə Namazlı bunun ikinci dərəcəli məsələ olduğunu düşünür: 

"Tarixdə epidemiyalar çox olub. Yüzlərlə insan çarəsi olmayan müxtəlif xəstəliklərin, o cümlədən vəbanın qurbanına çevrilib. Sonradan həmin xəstəliklərin vaksini tapılıb. Əlbəttə, nə vaxtsa koronavirusun da dərmanı kəşf ediləcək. Yəni əgər abidə qoyulacaqsa, gərək xronoloji ardıcıllığı nəzərə alaraq əvvəlki xəstəliklərdən başlayaq. Amma bunun vacib olduğunu düşünmürəm. Məsuliyyətli, savadlı insan onsuz da bu hadisələrdən dərs çıxaracaq, özünə və ətrafına qarşı daha diqqətli olacaq. Laqeyd adam üçün isə evinin qabağında heykəl ucaltsan da xeyiri yoxdur. Bildiyini edəcək. Yəni məsələ abidədə deyil, şəxsiyyətin özündədir".