"Millətimiz çörəyini paylaşıb bir-birinə köməklik göstərir” - Xalq artisti 

“Evdə qalmaqla gələcəyimizi də qoruyuruq. Övladlarımız, balaca uşaqlarımız var. Onları qorumaq üçün bir balaca səbr edək”


Koronavirus əlaqədar elan olunan karantin günləri davam edir. Mübarizəmizi aparmaqla yanaşı pozitivliyimizi də qorumağa çalışırıq. Əlbəttə, qaydalara əməl edərək evdə qalmaq tək çarədir. Virusa qalib gəlməyin yeganə əlacı budur. Elə bu yolla da kiritik dövr sona çatacaq. Sevindirici haldır ki, qərar qəbul olunduğu gündən əksər vətəndaş vaxtını evdə keçirir. Çox təəssüf ki, bunun əksini edənlərə də rast gəlinir. Amma düşüncəli vətəndaşlar, eləcə də sənət dünyası sağlamlıqlarını qorumaq üçün evdə qalmağın vacibliyini dərk edir. 

Biz də "Sherg.az" olaraq karantin günlərini necə keçirdiyini öyrənmək üçün sevilən müğənni, xalq artisti Zülfiyyə Xanbabayeva ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Qanunlara intizamlı şəkildə əməl etdiyindən söz açan müğənni, hamı kimi evdə qaldığını söylədi:

“Bezdirici deyil...Karantindən əvvəlki həyatımda da tədbirləri çıxmaq şərtilə evdə idim. Çünki mən şəhərdən kənarda yaşayıram. Ona görə normaldır. Allahımıza şükür edib oturmuşuq. Başqa əlacımız yoxdur. Hamı kimi.. Səbr etmək lazımdır, keçicidir. Allah qoysa bundan da çıxacağıq.  

Xalq artisti “Onlayn layihələrə qoşulacaqsınızmı?” sualımıza belə fikrinin olmadığını bildirdi:
 
“Məsələn, Bəhram Bağırzadə ilə   birbaşa efirə çıxmışdım.  Amma konsert vermək yox. Düşünməmişəm bu barədə. Hələ ona gəlib çatmamışam.  Lakin evdən bəzi layihələrimin üzərində iş gedir. Onlarla məşğul oluruq. İşçilərimizlə “online” əlaqə saxlayırıq". 

Sevilən müğənni sonda xalqa xoş diləklərini və tövsiyələrini çatdırdı:

“Allah millətimizi, xalqımızı, dünyamızı qorusun. Allah hamımızı saxlasın.  Evdə qalmaqla gələcəyimizi də qoruyuruq. Övladlarımız, balaca uşaqlarımız var. Onları qorumaq üçün bir balaca səbr edək. Ümumiyyətlə, hər şeyi təmkinlə, səbrlə qəbul etmək lazımdır. Başa düşürəm ehtiyacı olanlar, günlük işləyən insanlar var. Xalqımız da yardımsevərdir. Millətimiz öz çörəyini paylaşıb bir-birinə köməklik göstərə biləcək...”