Xalq bilir: “Prezidentin fəaliyyəti onların rahatlığı və xoşbəxt gələcəyi üçündür”

“Dövlət tərəfindən, xüsusən ölkə başçısı cənab İlham Əliyev tərəfindən əhalinin sosial təminatı istiqamətindən atılan addımları çox yüskək qiymətləndirirəm”

Bunu “Sherg.az”a millət vəkili Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki, onun seçiciləri də dövlətin tədbirlərini məmnunluqla qarşılayırlar: 

“Seçicilərimiz, ümumiyyətlə, bütün ölkə vətəndaşları cənab Prezidentin qərarlarını çox bəyənirlər. Nəzərə alaq ki, insanların sosial rifahı mühüm məsələdir. İşsizlər üçün aprel-may aylarında nəzərdə tutulmuş 190 manatlıq müavinət ilkin mərhələdə sadəcə 200 min insana şamil olunurdusa, dövlət başçısının qərarı ilə bu say 600 minə çatdırıldı. Bu, 400 min əlavə insan, yəni 3 dəfə artım deməkdir. O cümlədən, ictimai iş yerlərinin 50 mindən 90 minə çatdırılması, ümumi iqtisadi paket üçün 3,5 milyard manatın nəzərdə tutulması olduqca vacib qərarlardır. Bu qədər böyük vəsaitin insanların sosial təminatına yönəldilməsini nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, xaricdəki soydaşlarımız da çox yüksək qiymətləndirirlər. Hətta dünya ölkələri də Azərbaycanda atılan qabaqlayıcı addımları təqdirəlayiq hesab edirlər”. 

Parlament üzvünün sözlərinə görə, ünsiyyətdə olduğu dostları, xarici vətəndaşlar belə Azərbaycan hökumətinin pandemiya ilə mübarizəsini alqışlayırlar: 

“Hesab edirəm ki, əldə etdiyimiz müsbət nəticələr məhz cənab Prezidentin düşünülmüş siyasətinin və önləyici tədbirlərinin bəhrəsidir. Bu qabaqlayıcı tədbirlər olmasaydı, indiki vəziyyət tamamilə başqa ola bilərdi. O baxımdan insanların dövlətimizə və ölkə rəhbərinə etimadı, inamı çox böyükdür. Xalq bilir ki, cənab Prezidentin bütün fəaliyyəti onların sosial rahatlığı və xoşbəxt gələcəyi üçündür. Əhali ilə söhbətimizdə bunu açıq-aşkar görürük”.