Veteranlara və ailələrinə yardımla bağlı sərəncam ALQIŞLANDI: “...Önəmlidir”

“Dünənki əsgəri qiymətləndirməsək, sabah torpaqlarımızı qoruyan əsgərə necə qiymət verəcəyik?!” 



Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, onların ailələrinə, arxa cəbhədə fərqlənənlərə, hənçinin, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərancamın həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan 5,9 milyon manat ayrılıb. 

Dövlət başçısının sərəncamını “Sherg.az”a dəyərləndirən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, İkinci Dünya müharibəsində 700 min azərbaycanlı iştirak edib və onların 300 mindən çoxu qayıtmayıb.
Birlik rəhbəri vurğulayıb ki, müharibənin qazanılmasında Bakı neftinin müstəsna xidmətləri olub: 

“Düzdür, sovet ittifaqı o vaxtı haqsızlıq edib, bir çox qəhrəmanlarımıza orden və medallar verməyib. Burada ermənilərin də xidməti olub. Azərbaycanlılardan sovet ittifaqı qəhrəmanı adını alanlar daha çox olmalı idi. Bakı qəhrəman şəhər statusu almalıydı. Çünki Bakı şəhəri qələbənin əldə edilməsində bir neçə parametrə görə, müstəsna roy oynayırdı. Bütün hərbi texnikaların 70 faizi, təyyarələrin 90 faizi Bakı nefti ilə işləyirdi. Bakının hospitallarında yüz minlərlə yaralı müalicə olunur və sağalırdı. Eyni zamanda burada silah-sursat istehsal edilirdi. Azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə işləyərək cəbhəni ərzaqla, silah-sursatla və neftlə təmin edirdilər. Ona görə də Azərbaycanın bu qələbədə xidməti daha çoxdur. 700 min nəfər sadəcə Azərbaycandan gedənlərin sayıdır.

O vaxt Gürcüstanda, Ermənistanda, Dağıstanda və Rusiyanın başqa yerlərində yaşayan azərbaycanlılar da cəbhəyə getmişdilər. Əslində bu rəqəm daha böyükdür, milyona yaxındır. Ona görə də bizim haqqımız var. Özü də hazırda müharibə şəraitindəyik. İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə qayğı göstərilməsi gənc nəslin milli-vətənpərvərlik tərbiyəsi baxımından çox önəmlidir. Biz nə İkinci Dünya, nə Əfqanıstan müharibələrində, nə də Çernobıl faciəsinin aradan qaldırılmasında göstərilən xidmətləri heç zaman unutmuruq. Əsgərin vəzifəsi əmri yerinə yetirməkdir. Əgər dünənki əsgəri qiymətləndirməsək, sabah torpaqlarımızı qoruyan əsgərə necə qiymət verəcəyik?” 

E.Həsənli vurğulayıb ki, Azərbaycan dövləti müharibə əlillərinə, şəhid ailələrinə mənzillər verir: 

“Dövlətimiz istər İkinci Dünya müharibəsi, istər Qarabağ müharibəsində, istərsə də 20 yanvar faciəsində sağlamlığını itirmiş şəxslərə fərq qoymadan yardım göstərir. Aylıq müavinətləri artırılır, bir çox güzəştlər edilir. Onların övladları təhsil haqqından azaddırlar. Sağlamlıqları, sanatoriya-kurort və mənzil şəraitləri ilə bağlı mühüm işlər görülür. Bəzi hallarda fərqli fikirlər yaranır ki, BMT-nin nizamnaməsinə, beynəlxalq konvensiyalara görə, əlil elə əlildir və aralarında fərq yoxdur. Amma Qarabağ əlili ilə ümumi əlil arasında fərq böyükdür. Biri Vətənin müdafiəsi uğrunda sağlamlığını itirib, digəri isə başqa vəziyyətdə əlil olub.

Əlbəttə, hər ikisi bizim üçün əzizdir. Lakin Vətən uğrunda canını vermiş adamlara fərq qoymasaq, onlara xüsusi qayğı, diqqət göstərməsək, sabah heç kim torpağı qorumağa getməyəcək. Bu, çox sadə bir məntiqdir. Dünyanın bir çox ölkəsində bu güzəştlər edilir. Azərbaycan bu məsələdə öncüllük edir. Türkiyə ilə sıx əməkdaşlığımız var.

Bugün Türkiyənin qaziləri, şəhid ailələri deyirlər ki, Azərbaycanda veteranlara və şəhid ailələrinə diqqət daha çoxdur. Halbuki, bəzən bizə elə gəlir ki, qardaş Türkiyədə bu məsələlər bizdən öndədir. Sadəcə Türkiyədə sahibkarların və vətəndaşların qazilərə, şəhid ailələrinə münasibəti çox yaxşıdır. Dövlətimiz üzərinə düşəni edir, yaxşı olar ki, sahibkarlarımız da bu işdə fəal olsunlar. Şirkətlər tikdikləri binalarda şəhid ailələrinə, qazilərə də mənzil versinlər. İndiyə kimi hansı özəl tikinti şirkəti bir nəfər veterana, şəhid ailəsinə ev verib? Azərbaycanda elə özəl universitet varmı ki, dövlətin konkret qərarı olmadan hər il 5 Qarabağ qazisinin, yaxud şəhidin övladına pulsuz təhsil versin? Təəssüf ki, yoxdur. Bunların hamısını dövlətimiz qarşılayır”. 

Qurum rəhbərinin sözlərinə görə, İkinci Dünya müharibəsinin 75 illiyi yaxınlaşır və bu qələbənin əldə edilməsində dədə-babalarımızın müstəsna xidmətləri danılmazdır: 

“Qələbə faşizm üzərində əldə olunub. Biz faşizmdən hələ də əziyyət çəkirik. Erməni faşizmi alman faşizmindən daha dəhşətlidir. Almanlar Polşanı işğal edərkən yəhudilər istisna olmaqla yerli əhaliyə qarşı soyqırımı etmədilər, onları zorla köçürtmədilər. Ancaq ermənilər uşaq, böyük, qadın, mülki əhali demədən hamını qırdr və etnik təmizləməyə üstünlük verdilər. Biz də bu faşizmdən, separatçılıqdan, işğalçılıq və terrordan əziyyət çəkən bir xalq kimi belə məsələlərə önəm verməyin tərəfdarıyıq”.