Komitə sədrindən çağırış: "Sənədsiz evlər problemi həllini tapmır !" 


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva parlamentin plenar iclasında cəmiyyəti narahat edən bir sıra problemləri qaldırıb və müvafiq qurumlara müraciətlər edib.

“Sherg.az”ın xəbərinə görə, millət vəkili Bakı şəhərinin müxtəlif ərazilərində, Abşeron rayonunda özbaşına tikilən, lakin dövlət qeydiyyatına alınmayan evlər üzərində hüquqların dövlət qeydiyyatı probleminin hələ də öz həllini tapmadığını bildirib. 

Deputat deyib ki, sözügedən problem minlərlə vətəndaşın müxtəlif çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır:

“Bununla bağlı hər ay xeyli vətəndaş müraciəti alırıq. Həmin evlərin çoxu maddi imkanları zəif, gəlirləri az olan ailələrə məxsusdur. Bu problemin həllini tapması minlərlə ailəni narahatlıqdan xilas edə bilər. Prezident İlham Əliyev bu cür ailələrə dəstək məqsədilə problemin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib”. 

Q.Paşayeva Ombudsmanın məruzəsində də öz əksini tapan bu məsələnin qısa zamanda həll olunması üçün müvafiq dövlət qurumlarına çağırış edib:

 “Bu problemin həlli minlərlə vətəndaşla yanaşı, dövlətimiz üçün də çox önəmlidir”.