Zelenksi niyə məhz Saakaşvilini seçdi ? – AKTUAL ŞƏRH


“Ukraynada əsas siyasi opponent  Arsen Avakovdur, o keçmiş hakimiyyətdən qalan yeganə təsirli fiqurdur”

 “Ölkə rəhbəri öz rəqibləri, hətta düşmənlərinə qarşı Saakaşvilinin  vasitəsi ilə mübarizə aparacaq” 


Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib. Saakaşvili də Zelenskinin təklifini qəbul etdiyini söyləyib. Eks-prezident Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib. Saakaşvili Pyotr Poroşenkonun prezidentliyi dövründə qubernator vəzifəsini tutduğu zaman olduğu kimi, Gürcüstandan özü ilə komanda gətirməyəcəyinə söz verib:

“Düşünürəm ki, parlamentdə həyatda öz yerlərini və rollarını tapmış kifayət qədər ukraynalı var. Ali Radada nə qədər maraqlı parlament üzvlərinin oturduğunu bilirsinizmi?” Siyasətçi, eyni zamanda, şou göstərəcək yaşda olmadığını da deyib.
O, bir müddət sonra, əvvəllər Poroşenko ilə mübahisə etdiyi kimi Zelenski ilə mübahisə edəcəyi ehtimalını “tam cəfəngiyyat” adlandırıb. Odessanın sabiq qubernatoru Ukrayna dövlət başçısının cəsarətli adam olduğunu vurğulayıb:

“Heç kim mənim ona qarşı çıxacağıma ümid etməsin”. Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.


Zelenskinin təklifini “Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Ukrayna prezidenti çox riskli bir addım atıb. 
Ekspertin sözlərinə görə, Zelenski Ukraynada köklü islahatlar aparmağa çalışır: 

“Nəzərə alaq ki, Ukraynanın siyasi meydanında çox ciddi oyunçular var. Həmin qüvvələrlə birbaşa mübarizə aparmaq özünü təhlükəli qüvvələrlə üz-üzə qoymaq deməkdir. Həm də ölkədaxili siyasi krizisdir. Ona görə də Prezident birbaşa deyil, hansısa vasitəçinin əli ilə ciddi dəyişikliklər etməyi planlayır. Hesab edir ki, bu cür davranış daha az risklidir. Uzaqbaşı sabah hansısa problem olanda Saakaşvilini vəzifədən çıxartmaq mümkündür. Zelenksi özünü sığortalamaq üçün Saakaşvilini vəzifəyə gətirir. Ölkə rəhbəri öz rəqibləri, hətta düşmənləri ilə esk-prezidentin, daha doğrusu sabiq qubernatorun vasitəsi ilə mübarizə aparacaq”. 

İ.Vəlizadənin sözlərinə görə, Ukraynada əsas siyasi opponent daxili işlər naziri Arsen Avakovdur: 

“Avakov keçmiş hakimiyyətdən qalan yeganə təsirli fiqurdur. Vaxtı ilə ilə Zelenski ilə Avakov arasında bir sövdələşmə olub ki, DİN rəhbəri ölkənin daxili siyasətinə qarışmasın. Avakov vədinə əməl etdiyi üçün indiyə kimi bu postda qalıb. Amma bu, uzun müddət davam edə bilməz. Avakov güclü şəxsiyyətdir, onun təsir imkanları çoxdur və kriminal proseslərə nəzarət edir. Daxili işlər naziri indiki hakimiyyəti şantaj edir, hökumətin ondan asılı olduğunu deyir. Poroşenko da Avakovdan asılı idi, Zelenski də ondan asılıdır. Prezident məhz bu asıllıqdan xilas olmaq üçün addımlar atır. Yaxşı bilir ki, Avakovun ən təsirli düşməni Saakaşvilidir. Prezident məhz Saakaşvili sayəsində Avakovun mövqelərini laxlatmağa çalışır. Lakin Avakov vəzifədən sakitcə getməyəcək. Onların arasında mütləq sərt mübarizə olacaq. Saakaşvili prinsipial adamdır. Proseslərin hansı formada cərəyan edəcəyini zaman göstərəcək”.