Təbii və saxta tibbi spirti necə ayırd edək ? – Həkimdən izah 


“Spirt açıldıqdan sonra iyi insanda narahatlıq yaradıb başağrısı verirsə, təbii spirt deyil”


Koronavirus pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artıb. Vəziyyətdən istifadə edən bəzi “işbazlar” bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümunələrini hazırlayırlar.
Bir neçə gün öncə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış etiket yapışdırılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. İki nəfər saxlanılıb. Hətta saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini də etiraf ediblər.

Bəs, əsl tibbi spirti saxtadan necə ayırd edə bilərik?


Tanınmış həkim Aynurə Hidayətqızı “Sherg.az”a açıqlamasında bildirib ki, spirt açıldıqdan sonra iyi insanda narahatlıq yaradıb başağrısı verirsə, təbii spirt deyil:

“Hazırda vəziyyətin necə olduğu hər kəsə məlumdur. Dövlət insanları həkimlər vasitəsilə maarifləndirməyə çalışır ki, həqiqətən bu xəstəlik var və ondan necə qorunmaq olar. Lakin bunlara fikir verməyən, mövcud vəziyyətdən istifadə edib ona qazanc mənbəyi kimi baxanlar var. Bu hal təkcə bizdə yox, başqa ölkələrdə də var. Maskaların, əlcəklərin anbarda saxlanılıb baha qiymətə satılmasını misal çəkə bilərik. Xüsusilə dezinfeksiya məhsulu kimi istifadə etdiyimiz spirtin belə saxtalarını hazırlayırlar. Bəziləri içərisinə su qatır, hansı ki iyləyəndə bilirsən ki, bu, təbii deyil.

Eyni zamanda müxtəlif kimyəvi vasitələrlə spirti saxtalaşdıranlar var. Həmin spirtləri o qədər professional şəkildə şəffaflaşdırırlar ki, istər 70 faizli, istərsə 95 faizli olsun, adi spirtdən fərqləndirmək olmur. Saf şəkildə baxdıqda adi spirtdən fərqlənmədiyini görürük, açdıqda fərqləri anlamaq olur. Belə ki, istifadə etdiyimiz zaman iyi insana pis təsir edir, başağrısı yaradır.

Digər tərəfdən dəridə parçalanma yaradır. Həkimlər kiminsə venasına iynə vurduqda mənfi təsirləri daha da artır. Çünki iynə vurulmazdan əvvəl həmin nahiyə spirtlə dezinfeksiya olunub təmizlənir ki, iynə daxil olduqda mikroblar olmasın, lakin saxta spirtlərin tərkibində olan kimyəvi vasitələr daha çox ziyan vurmuş olur.

Ümumiyyətlə, spirtin saxta olub-olmamasını bilmək adi vətəndaşlar üçün çətindir. Məsləhət görülür ki, inandığınız, güvəndiyiniz yerdən spirt alasınız. Digər tərəfdən, qiymət də önəmli ünsürlərdəndir.

Bir yerdə bahalı, digər yerdə ucuz satılırsa, ucuz satılanın saxta olması daha çox mümkündür. Bəzi məhsullar dəridə allergiya, səpgi, qaşınma və qızartı kimi problemlərə də səbəb ola bilər. Buna görə insanlar ucuza qaçmağın yanlış olacağını gözardı etməməlidirlər” .