“Prezident koronavirusa qarşı mübarizədə qətiyyət göstərdi"

“Eyni zamanda  hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əməli surətdə təsdiqlədi”




"Dünyanı cənginə almış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Azərbaycanın durumu dünyanın əksər ölkəsinin vəziyyətindən qat-qat ürəkaçandır".
Bu fikirləri "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda bütün dünya bu pandemiyanın qarşısında aciz qalıb:

" Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini yanında gördü,  Prezidentindən hər gün, hər an qayğı hiss etdi. Prezident İlham Əliyev təhlükəni hiss etdiyi ilk gündən pandemiyaya qarşı bütün zəruri tədbirləri mərhələli şəkildə, addım-addım həyata keçirmək kursunu seçdi. 

Bu tədbirləri həyati əhəmiyyətli tədbirlər kimi qiymətləndiririk. Nəzərə alsaq ki, Azərbaycan elə bir həssas və aktiv  geosiyasi məkanda yerləşir ki, məhz bu səbəbdən ölkəmizdə  virus təhlükəsi hər an qarşısıalınmaz sürətlə və geniş miqyasda yayıla bilərdi. Azərbaycanın bu virusun geniş yayıldığı ölkələrlə - Çin, İran, Rusiya, Türkiyə, İtaliya və başqa ölkələrlə yaxın əlaqələrə malik olması istər-istəməz ölkəmizdə də sözügedən infeksiyanın geniş şəkildə yayılması riskini artırırdı".



Ə.Hüseynov qeyd edib ki, ölkə başçısı prosesləri vaxtında  nəzarətinə götürə bildi:
"Çünki vətəndaşların sağlamlığını və ölkənin iqtisadi inkişaf imkanlarını qoruyub saxlamaq Prezident İlham Əliyev üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı,  pandemiya ilə mübarizə çərçivəsində yeni səhiyyə ocaqlarının açılması,  600 min nəfər aztəminatlı və işsiz vətəndaşlarımıza dövlət tərəfindən maliyyə yardımının verilməsi və pandemiya ilə bağlı digər  mühüm tədbirlərin həyata keçirilməsi məhz cənab Prezidentin  vətəndaşlara diqqət və qayğısının göstəricisidir. 
Etiraf etmək lazımdır ki, bəzi ölkələrin dövlət və hökumət başçılarından fərqli olaraq İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə günlərində əsl cəsarət və qətiyyət göstərdi".

DADP sədrinin sözlərinə görə, cənab Prezident çətin günlərdə bəziləri kimi nə özünü təcrid edib xalqdan ayrı düşdü, nə də koronavirusa qarşı mübarizədən özünün piarı üçün istifadə etdi:

"İlham Əliyev kritik məqamlarda əsl siyasi müdriklik nümunəsi göstərdi. Eyni zamanda  hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha əməli surətdə təsdiqlədi. Partiya sədri kimi cənab Prezidentin pandemiya günlərində gördüyü işləri, verdiyi operativ qərarları və göstərdiyi performansı çox yüksək qiymətləndirirəm".