“Dövlət vətəndaşların sosial rifahının yüksəldilməsində qətiyyətlidir”


“Bu da vətəndaşın dövlətə olan etimadını daha da gücləndirir, o cümlədən Prezidentə olan güvəni artırır”



“Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini vətəndaşın sosial-iqtisadi rifahı təşkil edir” 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev ölkə rəhbəri seçildiyi vaxtdan başlıca məsqədi xalqın ən yüksək sosial rifah halına yüksəldilməsi olub: 

“Dövlət başçısı Azərbaycanda işsizliyin səviyyəsinin minimuma çatdırılması istiqamətində çox mühüm addımlar atıb. Bunu sübut edən faktlar göz önündədir. 2003-2004-cü illərdə Azərbaycanda işsizliyin səviyyəsi 40 faiz təşkil edirdisə, hazırda həmin göstərici 5 faizə düşüb. Azərbaycanda davamlı olaraq həm pensiyaların, həm də əməkhaqqlarının artırılması həyata keçirilir. Bəlkə də, indiki şəraitdə gözlənilirdi ki, Azərbaycan dövləti sosial layihələrini biraz ləngidəcək. Amma bu, baş vermədi. Dövlətimiz pandemiya dövründə də nümayiş etdirdi ki, sosial xarakterli layihələrini heç bir halda təxirə salmır. Əksinə, islahatları daha da dərinləşdirir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, sosial xarakterli layihələrdə ixtisarlar ola bilməz”. 

Milli Məclisin üzvü bildirib ki, Azərbaycan dövlətinin iqtisadi potensialı kifayət qədər böyükdür: 

“Əldə olunan nəticələr Azərbaycanda bugünə kimi həyata keçirilmiş iqtisadi siyasətin uğurlu olduğunu sübut edir. Əgər iqtisadi potensialımız olmasaydı, sözsüz ki, dünya miqyasında iqtisadiyyatın tənəzzül etdiyi bir dövrdə Azərbaycan ardıcıl sosial xarakterli addımlar ata bilməzdi. Bütün bunların arxasında Azərbaycanın iqtisadi potensialı dayanır. Atılan addımlardan sonra vətəndaşlarda növbəti dəfə əminlik yarandı ki, hər hansı vəziyyətdən asılı olmayaraq, dövlət öz vətəndaşının sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində həmişə qətiyyətli olacaq. Bu da vətəndaşın dövlətə olan etimadını daha da gücləndirir, o cümlədən Prezidentə olan güvəni daha da artırır. Hazırda cəmiyyətdə mövcud olan ictimai rəy ondan ibarətdir ki, istənilən vəziyyətdə dövlət öz vətəndaşının yanındadır və onun təhlükəsizliyini tam təmin edir”.