“Ən çətin məqamlarda dövlət vətəndaşın yanında olub”

“Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb” 




“Pandemiya dövründə insanların mövcud vəziyyətdən minimum zərərlə çıxmasını təmin etmək məqsədilə intensiv tədbirlər həyata keçirilir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. 
Deputat bildirib ki, ümumiyyətlə, əhalinin, xüsusilə də cəmiyyətin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi həyata keçirilən sosial siyasətin əsas prioritetlərindəndir: 

“Xüsusilə cəmiyyətin həssas təbəqəsinin ehtiyaclarının hər zaman olduğu kimi, indiki mürəkkəb şəraitdə dövlət tərəfindən qarşılanması bunu təsdiqləyir. Cənab Prezidentin həyata keçirdiyi genişmiqyaslı sosial paketlər hər zaman əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edib. Xatırlatmaq yerinə düşər ki, bu vaxta qədər qlobal səviyyədə müşahidə olunan iqtisadi böhran vəziyyətində də Azərbaycanda heç bir sosial layihə təxirə salınmayıb və ən çətin məqamlarda dövlət vətəndaşın yanında olub. Pandemiya dövründə də bu tendensiya davam edir”. 

K.Nurullayevanın sözlərinə görə, əhalinin məşğulluq imkanları artırılıb, məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib: 

“Aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə də ölkə üzrə yaşayış minimumu səviyyəsində birdəfəlik ödəmələr edilir. Artıq Prezident İlham Əliyev də bəyan edib ki, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinə rəğmən sosial proqramların icrası davam etdiriləcək. Hər il olduğu kimi, bu il də bütün sosial infrastruktur obyektlərinin tikintisi ixtisarsız icra ediləcək, 2020-ci ildə minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək. Yəni, dövlət əhalinin sosial müdafiəsini gücləndimək məqsədilə bütün imkanlarını səfərbər edib. Bu bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir və ölkəmizdə əhalinin sosial rifahının təmin edilməsi ali məqsəddir”.